Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Əziz Əzizov çıxışında bildirib ki, paytaxtda yeni çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynayıb.
İcra Hakimiyyətinin başçısı öz çıxışında ötən ilin əvvəlindən başlayaraq Yasamal rayonunda həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işlərinin əhəmiyyətindən, bu ildən rayon ərazisində bu işlərin artıq digər sahələri əhatə etməsindən danışaraq ətraflı məlumat verib.
Əhalinin sosial müdafiəsi tədbirləri çərçivəsində cari il üçün Yasamal rayonu üzrə Məşğulluq Mərkəzinə 695 vakant yer ayrıldığını bildirib və qeyd olunub ki, hal-hazırda 675 nəfər işlə təmin olunub, boş qalan iş yeri ilə təmin olunmaq üçün vətəndaşlar müraciət edə bilər.
Səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verilib. Sonda Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin operativ qaydada həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Bundan sonra 150 nömrəli qəzalı çoxmənzilli yaşayış binasının sakinlərinin müraciəti nəzərə alınaraq səyyar qəbuldan sonra adıçəkilən binaya növbəti dəfə baxış keçirilib və bina sakinlərinin nəzərinə çatdırılıb ki, mövcud vəziyyət haqqında aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılacaq.
Son xəbərlər
Son Xəbərlər