“YAŞAT”dan qazilərin müalicəsinin yarımçıq qalması iddialarına - Reaksiya

yasatdan-qazilerin-mualicesinin-yarimciq-qalmasi-iddialarina
Oxunma sayı: 1776

Son günlər sosial şəbəkələrdə "YAŞAT" Fondunun qazilərin ehtiyaclarını qarşılaya bilməməsi ilə bağlı məlumatlara rast gəlinir. İddia olunur ki, buna səbəb hazırda fonda vəsaitin az toplanmasıdır. Şirkətlər, iş adamları yaradıldığı ilkin vaxtlarda fonda ianə etsələr də, artıq bu işdə fəallıq göstərmirlər.

Hətta Türkiyədə müalicə alan bir qrup qazi də sosial şəbəkələrdə əhaliyə videomüraciət yayaraq ianələrin azalması səbəbindən müalicələrinin yarımçıq qalacağından narahat olduqlarını bildiriblər. Qazilər Prezidentdən yenə “YAŞAT” Fonduna ianələrin olunması üçün sərəncam verməsini xahiş ediblər. 

“Qafqazinfo” məsələ ilə bağlı “YAŞAT” Fonduna sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hazırda edilən müraciətlər ianələrin azalması səbəbilə Fondun büdcəsinə uyğun təmin edilir: “Bu günə kimi “YAŞAT” Fondu tərəfindən təhsil, məişət, istehlak kreditlərinin ödənilməsi, ölkə daxilində və xaricində müalicələr üzrə 32 232 müraciət təmin edilib, 4818 müraciət isə hazırda icra üçün öhdəlikdədir. Fondun büdcəsindəki qalıq vəsait isə 2 750 806.46 AZN-dir.

Hazırda Türkiyədə olan qazilərimizin müalicəsi davam etdirilir və proses dayandırılmayıb. Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə sıralanır. Fondun vəsaiti isə könüllü ianələr əsasında formalaşdırılır. Hazırda edilən müraciətlər ianələrin azalması səbəbi ilə Fondun büdcəsinə uyğun təmin edilir”.  

Qeyd edək ki, “YAŞAT” Fonduna indiyə qədər 76 542 536.26 AZN vəsait ianə edilib. Həmin məbləğin 73 791 000.41 manatı xərclənib. Hazırda xərclənməmiş məbləğ isə 3 milyon manatdan azdır. Son günlər müxtəlif şəxs və qurumlar tərəfindən Fonda ianələrin yenidən bərpa edilməsi ilə bağlı təşəbbüs və çağırışlar edilib.  

Gülnar Əliyeva