Yaşıl komet 50 min il sonra Yerə yaxınlaşır

yasil-komet-50-min-il-sonra-yere-yaxinlasir
Oxunma sayı: 2592

C/2022 E3 yaşıl kometi Yerə yaxınlaşır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Qafqazinfo”ya verilən məlumata görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq.

Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında  görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.

C/2022 E3 kometi 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olmuşdu. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50000 il əvvəl Yer kürəsinin  yaxınlığından keçib. Ehtimal olunur ki, budəfəki gəliş C/2022 E3  kometinin son gəlişidir. Çünki nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə onun trayektoriyası dartılıb, uzunsov ellipsdən açıq hiperbolaya çevrilib. Beləliklə, C/2022 E3  kometi bu səfərdən sonra Günəş sistemini həmişəlik tərk edəcək.