Qəribə bir tendensiya baş alıb gedir: guya yaşlı və ya orta yaşlı yazarları hansısa nöqsanlarına görə qınamaq, onlar haqda mənfi fikir demək olmaz. Başa düşə bilmirəm, niyə və nə üçün?
Özü də görün mənfi düşüncənin bir ucu hara gedib çıxır? Deyirlər ki, sən hələ onlar kimi əsərlər yazmamış onları tənqid eləməyə haqqın yoxdur. İki məqamı diqqətinizə çatdırım:
1. Türkiyədəki məlum olaylarla bağlı Orxan Pamuku mövqesizlikdə qınayanda, kimsə Pamuku müdafiə edib demədi ki, siz gedin “Mənim adım qırmızı”nı “Qara kitab”ı yazın, sonra onu tənqid edərsiniz. Çünki heç bir jurnalistin, yazarın və sadə vətəndaşın “Qara kitab” yazmaq kimi öhdəliyi yoxdur, ancaq insanlar umurlar ki, “melanxolik İstanbulu” təsvir edən Pamukun İstanbuldakı narahatlıqlar da eyninə gəlsin.
2. Yazarın min cür mənfi insani cəhətini tənqid edirsən, yenə səni cavab atəşi ilə “susdururlar” ki, sən onun yaşına çat, sonra tənqidi fikir yazarsan. Adama deyərlər ki, onda o da gəlib mənim vicdanım kimi doğru-dürüst vicdana çatsın, sonra yaradıcılığına davam edər.
Bütün bunlar belə davam edir deyə bizə elə gəlir ki:
• Vəzifə həm də vicdan deməkdir
• Yaxşı yazar olub min dürlü binamusluğa qol qoymaq olar
Dadaş, heç bir yazar kiməsə deyə bilməz ki, sən mənim filan əsərimi yaz, sonra məni tənqid elə. Onda su idarəsinin müdiri də sadə vətəndaşları qəbul otağından qovub desin ki, “sizin də mənim villamdakı boyda su motorunuz olsun sonra gəlib qoçu-qoçu şikayətlənin”.
Bütün bunların niyə belə olması haqqında düşündüm. Düşündüm ki, niyə Pamuk onu tənqid edənlərə demir ki, sən get “Qara kitab”ı yaz, sonra məni tənqid elə. Ona görə demir ki, o məmur deyil, yazıçıdır və vətəndaşdır.
Düşündüm ki, bəs bizimkilər niyə belə deyir? O suala da cavab tapdım: ona görə ki, bizimkilər bütün əməllərinə bəraət qazandıracaq qədər “güclüdürlər”. Bəraət olan yerdəsə, vicdani iztirabdan söhbət gedə bilməz. Ol səbəbdən də bu gün bizimə Tolstoy kimi mülkünü-varını ata biləcək yazarımız yoxdur.
Gürşadını tök, Tanrı...
Son xəbərlər
Son Xəbərlər