Yastıqda saç tükü görəndə Folknerin “Emili üçün qızılgül” hekayəsi yadıma düşür. 40 ildən çox insan ayağı dəyməyən həmin toz basmış otaq, kişi paltarları, insan skeleti... və bir çəngə uzun qadın teli...
Folkner, hekayənin yaranmasını izah edərkən şüurunda bir mənzərə yarandığını deyirdi– balış üzərində insan teli. Deyirdi ki, bu, əsasında bir obrazın – əldən-ayaqdan uzaq unudulmuş bir otaqda, balış üzərində bir çəngə telin olduğu qarabasmalar haqqında hekayətdir.
***
Baxımsız olmaq üçün heç bir səbəbi olmayan çox qadın var. Bəzən kənardan qınayırlar onları. Məsələn, deyirlər ki, əri, uşağı, ev-eşiyi, var-dövləti var, amma özünə baxmır. Elə bilirlər, pintidi, tənbəldi. Amma “yad ailə-qaranlıq meşə” kimi müqayisəsi də var ellərin...
Zülmət qarası, dümdüz, uzun saçları “vizit kartıydı” Jalənin. Bir dəfə saç sancağını qəfil açdı. Elə bil yüksəklikdən qəfil şəlalə axdı üzüaşağı. O saçların səsini eşitdim sanki: qıjıltıyla çiyinlərinə, kürəyinə töküldü...
İllərdən sonra qarşılaşdıq Jaləylə. İnstinktiv olaraq saçına baxdım. O şəlalə qurudulmuşdu sanki. Olacaq bir şey deyildi yəni. Elə bilirdik, o tellərə dən də utandığından yaxın gəlməz.
Saçını kəsdirmişdi Jalə. Kimsəsiz qalmışdı ağ, yumru üzü. Qara gözləri xiffət eləyirdi...
***
“Avqust işığı”nın ceffersonluları kimidi çox şəhərin adamları. Öz həyatlarını kənara itələyib, başqalarının şəxsi həyatını çəkirlər qabaqlarına. Jalə haqda da danışırdılar həmişə. Deyirdilər, küsüb həyatdan. O cür iş-güclü, var-dövlətli əri ola-ola baxmır özünə. Tənbəlliyindən kəsdiribmiş saçını da guya.
Həqiqəti özü danışdı: 3-4 günlük qonaq gedibmiş atasıgilə. Qayıdıb gələndə... balışının üstündə sarı, uzun qadın telləri görüb. Əksər xəyanətin üstünü açan “maddi sübut”...
Nə düşünüb-daşınıbsa, vidalaşıb saçı ilə.
***
Jalənin qısa vurulmuş saçına alışmadı gözlərim. Elə bil, qarşımda dayanan uşaqlıq dostum, iki-üç köynək aralı qohumum yox, heç tanımadığım biriydi.
Bayaqdan utana-utana əsən gilavar da çəkilib getdi biz sağollaşana kimi. Jalənin şəlalə saçını tumarlamağa qüdrəti çatmadı deyəsən...
Son xəbərlər
Son Xəbərlər