Yazı masası yazıçı üçün yataq otağı qədər intim bir yerdir. Onun masa arxasında hansı hoqqadan çıxdığını bir kimsə görməməlidir. Yaradılış anları elə sirli bir prosesdir ki, o prosesdə yaradan və yaranandan başqa bir kimsənin o həndəvərdə nəfəsi hiss olunmamalıdır. Yazıçılar da sözün namusunu belə qoruyurlar. Şairə necə yazmağı demək lazım deyil, çünki şeir hissin, duyğunun məhsuludur, amma yazıçılıq peşədir və bu peşənin incəliklərini bilmədən yaxşı mətn yaratmaq mümkünsüzdür.
Yazıçı bir neçə gediş qabağı görməyi bacaran şahmatçı kimidir. Yazıçı beyni olduqca mürəkkəb mexanizmdir və özü də o vahid bir mexanizm deyil, bu mexanizmlər dünyadakı yazıçıların sayı qədərdir. Bu, peşəkar yazıçılara aiddir. Yazıçı olmaq istəyənlər isə mütləq hamı üçün ümumi olan qaydaları bilməli və onları mənimsəməlidir. Dünyaca ünlü yazıçı Stiven Kinq bu qaydaları nişan verir. Bu günlərdə oxuyub bitirdiyim “Yazı sənəti” kitabı yazıçılıqla məşğul olanlar üçün əvəzsiz bir vəsaitdir. Uzun illərdən bəri yazı-pozuyla məşğul olmağıma baxmayaraq mən bu kitabdan çox şeylər öyrəndim. Kitabı alanda tərcüməçinin kimliyi ilə maraqlandım: Kazım Səlimov. Ad mənə tanış gəlmədi. Diqqətimi çəkən kitabın orijinaldan dilimizə çevrilməsi idi. Tərcüməçi müəllifin yazı tərzini, üslubunu qorumağa çalışıb və buna nail olub. Kitabı oxuyub bitirəndən sonra onu kitab rəfinə yox, yazı masamın üstünə qoydum. Çünki bu kitab rəfə qoyulmaq üçün deyil, daimi istifadə və yararlanma üçündür. Əlbəttə, yararlanmaq, faydalanmaq istəyənlər üçün. Qısa müddət sonra sosial şəbəkədə Kazım müəllimlə tanış oldum və öyrəndim ki, o, Stiven Kinqin bu qiymətli əsərini təmənnasız, öz hesabına nəşr etdirib. Sözün düzü, mən düşünürdüm ki, bu kitabdan qalmayacaq, ona görə dərhal kitab mağazasından bu kitabı aldım. Amma Kazım müəllimlə söhbətimiz əsnasında o, dedi ki, kitab satılmır.
Məmləkətimizdə az qala, hamı yazır, cümlə qura bilməyən də yazır, ömründə beş kitab oxumayan da yazır, ümumiyyətlə, kitab oxumayan da yazır. Bu yazıçı tünlüyündə belə bir kitab nəşr olunur və bu hadisə roman yazanların umurunda belə deyil. Nə əcaib bir durum. Yazıçı olmaq istəyən kəs yazmağı niyə öyrənmək istəməsin? Stiven Kinq “Yazı sənəti” kitabında yazıçılığın bütün sirlərini açıb-töküb. Kitab bədii əsər kimi oxunur. Kazım müəllim əsəri çox gözəl tərcümə edib. Ona dedim ki, siz Kinqin digər əsərlərini də çevirsəniz, çox gözəl olar. Dedi kimin üçün edim? Oxumayacaqlar. Deməyə söz tapmadım. İddiası ərşi-kürşü bir-birinə qatan yazarlar kafelərdə vaxtı araqla zəhərləməkdənsə, gündəlik yazı vərdişinə yiyələnsələr, ədəbiyyatımız bir az da inkişaf edər. Bizim üçün bu kitab göydəndüşmə bir fürsətdir. Yazıçı üçün fasiləsiz olaraq öyrənmək həyati bir ehtiyacdır, bu, sonu olmayan bir prosesdir. Seyid cəddinə arxayın olan kimi istedada bel bağlayıb çox uzağa getmək olmaz. Yazı sənətiylə məşğu olan hər bir kəsə bu kitabı oxumağı tövsiyyə edirəm. Əminəm ki, onlar bu kitabdan çox şey öyrənəcəklər.
Stiven Kinqin “Yazı sənəti” kitabı mənə bir neçə gün yoldaşlıq elədi və mən bu yoldaşlıqdan zövq aldım. Bu zövqün ömrünü uzatmaq üçün kitabı əlimin altında saxlamışam.
Son xəbərlər
Son Xəbərlər