“Yaxın günlərdə Bakıda ilk DOST mərkəzi istifadəyə veriləcək”

yaxin-gunlerde-bakida-ilk-dost-merkezi-istifadeye-verilecek
Oxunma sayı: 2990

"Yaxın günlərdə Bakıda ilk DOST mərkəzi açılaraq əhalinin istifadəsinə  veriləcək".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mərhum lider Heydər Əliyevin anadan olması ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib. O qeyd edib ki, ilk mərkəz 100 min insanı əhatə edəcək:

"Bu  Səbail və Yasamal rayonlarını əhatə edəcək. Bakının daha  üç rayonunda bu mərkəzlər açılacaq. Qarşıdakı illərdə ölkənin bütün ərazisində bu xidmət təşkil ediləcək".

Nazir əlavə edib ki, Azərbaycan dövləti  xaricdən alınan kreditlərin hesabına ölkəsinin əhalisinə dəstək olmur, Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir: "1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident İllham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir.

Digər tərəfdən, Azərbaycanda müsbət demoqrafik artım baş verir. Ölkədə əhalinin illik artımı-doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir. Ölkədə artıq minumum pensiyanın məbləği yaşayış  minumumunu üstələyir .  Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə  ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir. 

S.Babayevin sözlərinə görə, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38  min nəfərin 94 faizi, başqa sözlə 35730 nəfəri artıq müvafiq  işlərə  cəlb edilib. Bu ilin birinci rübündə əlilliyin təyinatı hallatı ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb".

Günel Türksoy