“Yaxşı nəticələr əldə etməyə gəldik”

“Yaxşı nəticələr əldə etməyə gəldik”
Oxunma sayı: 642

“Bu gün Litva Prezidentinin rəsmi səfəri zamanı biz biznes forumda iştirak etməyə və işgüzar dairələrimizə öz məsləhətlərimizi verməyə, bu fürsətdən istifadə edərək, çox fəal dialoqa qatılmaq və yaxşı nəticələr əldə etməyə gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

“Mən bilirəm ki, bu gün bir sıra sənədlər imzalanacaqdır. Mən ümid edirəm ki, bu sənədlər iş qurmaq üçün yeni imkanlar yaradacaqdır.

Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır”, - dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir:

“Fikrimcə, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bu gün nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlər vardır.

Müzakirə etdiyimiz bütün məsələlərə dair bizdə ümumi anlayış vardır. Həmçinin həmin məsələlərə dair praktiki nəticələr əldə etməyə və əməkdaşlığı inkişaf etdirmək üçün başqa nə etməyi müəyyənləşdirməyə ehtiyacımız vardır.

Düşünürəm ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük”.