“Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Bu oyunla ilk 2 sınaq matçınız arasında hansı fərqi görürsünüz?
- “Zirə” yaxşı komandadı. Hamısı hündürboy, sürətli futbolçulardı. Əks-hücumlarda yaxşı oynayırlar. Ancaq bizim öz məqsədlərimiz var. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq. Əsas məqsəd futbolçuların necə oynamasını, hansı mövqedə özlərini necə göstərmələrini, güclü tərəflərini görməkdi.
- Bakıdakı hazırlıq mərhələsində hər 3 oyunda qalib gəldiniz...
- Yaxşı olardı ki, çempionatda qalib gələk. İndi qələbə vacib deyil.
- Rauf Əliyevin məsələsi artıq bağlanıb?
- Bu, mənə aid sual deyil.
- “Zirə”nin yaxşı komanda olduğunu qeyd etdiniz. Onda belə sual ortaya çıxır ki, “Keşlə”də ilk 2 oyunla müqayisədə nə dəyişib?
- Qarşımda duran əsas vəzifə komandanın fiziki durumunun yaxşı olmasıdı. Bu məsələ 1-ci yerdə durur. Futbolçuların ayaqları möhkəm olarsa, onda hərəkətlilik də yaxşı olacaq.
- Komandanızın güclü pressinq tətbiq etdiyiniz görünür. Ən azı bunu planlaşdırırsınız. Bunun üçün komandanın 90 dəqiqəyə fiziki hazırlığı sözsüz ki, çatmayacaq...
- Doğrudu.
- Elə isə mövsümün ikinci yarısına komandanı bu relsə qoya biləcəksiniz?
- Buna çalışacağıq. Məşq proseslərrimizdə toplu çalışmalara da diqqət yetiririk. İndi məqsədimiz yoxdu ki, mütləq qalib gələk. Sadəcə, komandanı rəsmi oyunlara hazırlamaq vəzifəsi qarşımızda durur. Əsas odur ki, futbolçular fiziki planda yaxşı təsir bağışlasınlar, baş məşqçinin qarşıya qoyduğu vəzifələri yerinə yetirsinlər.
- Məqsəd İsayevin mövqeyini müəyyənləşdirdinizmi?
- Bəli. Fikrimcə, o, bizdə yarımmüdafiəçi oynayacaq. Görürəm ki, o, sol cinahda vinger kimi bizə daha faydalı ola bilər. Həmin mövqe elədi ki, müdafiəçilərə də kömək edəcək. Meydanda heç kim azad rəssam olmur.
- İndi sizi daha çox hansı mövqe narahat edir?
- Mərkəz, dayaq yarımmüdafiəçisi mövqeyi. Futbolçular təkcə top almağı yox, eyni zamanda hücumları başlamağı bacarmalıdı.
- Bu mövqenin oyunçusu kimi baxışda olan serbiyalı Nemanya Stayanoviçin məsələsi artıq tam həll olundu?
- Hələ dəqiq bilmirəm.
Son xəbərlər
Son Xəbərlər