"Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir".
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda ölkə daxilində bütün lazımi tədbirləri görülür və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik:
"Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Demək olar ki, bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir".
Son xəbərlər
Son Xəbərlər