“Yay hücumunu davam etdirirlər” - Müstəqil ekspert

yay-hucumunu-davam-etdirirler
Oxunma sayı: 1480

“Avropa Oyunları zamanı Azərbaycana qarşı həyata keçirilən miqyaslı beynəlxalq kampaniyanın şahidi olduq. Çox sayda xarici media orqanı və QHT-lər Azərbaycana qarşı davamlı hücum edərək, Avropa Oyunlarının əvvəl baş tutmamasına, daha sonra isə gözdən salınmasına istiqamətlənmiş kampaniya apardılar. Lakin onların bütün ciddi-cəhdinə baxmayaraq, Avropa Oyunları yüksək səviyyədə təşkil olundu və uğurla keçirildi”.

Bunu müstəqil ekspert Əlabbas Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı son qətnaməsini şərh edərkən deyib. O, bildirib ki, AP-nin bu qətnaməsi Azərbaycana qarşı beynəlxalq təzyiqlərin tərkib hissəsidir: : “Təbii ki, həmin kampaniyanın təşkilatçıları belə uğursuzluqdan məmnun qala bilməzdilər. O baxımdan, Azərbaycan əleyhinə növbəti kampaniyanın başladılacağı gözlənilən idi. Avropa Parlamentinin qəbul etdiyi qətnamə də o kampaniyanın tərkib hissəsidir. Məqsəd Azərbaycana təzyiq etmək, rəsmi Bakının ənənəvi siyasətini dəyişərək, Qərbin planlarında yer almasına nail olmaqdır. Amma Azərbaycanın hakimiyyət təmsilçiləri bununla bağlı dəfələrlə mövqe bildirərək, kənar diqtəyə əməl edilməyəciyini qəti şəkildə bildiriblər. O baxımdan, aydın məsələdir ki, Qərbin Azərbaycana qarşı yenidən gücləndirdiyi təzyiq kampaniyası iflasa uğrayacaq”.