Yay imtahan sessiyası haqda açıqlama

yay-imtahan-sessiyasi-haqda-aciqlama
Oxunma sayı: 4427

“İmtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbəyə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi tələbələrə müraciətində yayıb. 

Bildirilib ki, yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tərəfindən daxil olmuş təkliflər əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var və onlar hazırda qüvvədədir: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbəyə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər. Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə). Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyən tələbələr də var və bu da nəzərə alınır. Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Eyni zamanda, bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək”.