“Yay məktəbi” layihəsi davam edir

yay-mektebi-layihesi-davam-edir
Oxunma sayı: 1358

Yelkənli İdman Federasiyasının reallaşdırdığı Optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinin 1-ci dövrü uğurla davam edir.

“Qafqazinfo” xəbər verir ki, yay məktəbində iştirak edən 7-14 yaşlı uşaqlar yelkən qurma, yelkənli qayıqlardan istifadə etmə, qayıqları sürmə qaydalarını mənimsəyərək, açıq dənizdə müxtəlif  hava şəraitlərində təhlükəsiz şəkildə yelkənli qayığı manevrlərlə idarə etmə bacarığına yiyələniblər. Beynəlxalq təcrübəli Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının səyləri nəticəsində qısa müddət ərzində uşaqlara yelkənli idmanı sevdirmək və onların yelkənli qayıqları rahat şəkildə açıq dənizdə idarə etməsinə nail olunub.

Xatırladaq ki, Yelkənli İdman Federasiyaının mərkəzi ofisində qeydiyyat davam edir. Qeydiyyat zamanı 7-14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınacaq. Hər dövr üçün kursa 10-15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövrü davam edəcək.

1-ci dövr 1-14 iyul tarixlərini əhatə edir. 2- ci dövr 22 iyul- 4 avqust, 3 cü dövr isə 5-18 avqust tarixlərində baş tutacaq.

Yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədi ilə təşkil olunan “Yay Məktəbi”nin reallaşdırılması Azərbaycanda yelkənli idman üzrə peşəkar idmançıların yetişdirilməsi, yelkənli idmana sevginin aşılanmasına xidmət edir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim-məşq düşərgələrində iştirak ediblər. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.