“Yay məktəbi” olsun, ya yox? - Tanınmışlar danışır

yay-mektebi-olsun-ya-yox
Oxunma sayı: 4121

Bir ildən artıq davam edən pandemiya şəraitində cari tədris ilinin əksər hissəsi distant formada təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən “Yay məktəbi”nin təşkilinə qərar verilib. 

“Yay məktəbi”nin təşkili ilə bağlı ictimai fikirlər çox fərqlidir. Bəs, tanınmış ictimaiyyət nümayəndələri bu barədə nə deyir?

Xalq yazıçısı Çingiz Abdullayev: “Yay məktəbləri çox vacibdir. İndiki vaxtda uşaqların evdən çıxması, məktəb mühitində olması pandemiya fasiləsindən sonra əla bir işdir. Bu cür təcrübə vaxtilə də olub və yaxşı nəticə verib. Mən Təhsil Nazirliyinin bu sahədə fəaliyyətini dəstəkləyirəm və lazım olarsa, yay məktəblərinin birində uşaqlarla görüşməyə hazıram”. 

Xalq artisti, Milli Konservatoriyanın professoru, muğam ifaçısı Mənsum İbrahimov: "Şagirdlərin proqram materiallarını tam mənimsəməsi üçün “Yay məktəbi” əla fürsətdir. Bu məktəblərin faydasını biz həmişə görürük". 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov: “Yay məktəbində şagirdlər bir-biri ilə canlı təmasda olacaq. Bundan başqa azda olsa mühit də dəyişəcək. Qavrama prosesində mühitin dəyişməsi önəmli məsələdir”.

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev: "Əvvəllər də yay məktəbləri təşkil olunurdu. Yadımdadır, həmin vaxt şagirdlər lagerə getmək üçün günləri sayırdılar. Bu kimi tədbirlər uşaqlarda ünsiyyət qurmaq bacarığını daha da inkişaf etdirir. Yaxşı olar ki, yay məktəbləri biraz da əyləncəli olsun”.  

Xalq artisti, sevilən aktyor Nurəddin Mehdixanlı: “Düşünürəm ki, valideynlər övladlarına yay məktəblərinin əhəmiyyətini aşılamalı, onlara pandemiya dövründə itirilmiş zamanı bərpa etmək üçün ən yaxşı fürsət olduğunu başa salmalıdır”.

İdman ustası, Olimpiya çempionu Elnur Məmmədli: “Pandemiyaya görə şagirdlər xeyli zamandır ki, məktəbdən kənar düşüb. Bu, onlar üçün əla fürsətdir. Düşünürəm ki, şagirdlər bu iki həftəlik zamandan səmərəli istifadə etməli, onlar üçün yaradılan şəraiti dəyərləndirməlidirlər. Mən hazıram ki, “Yay məktəbi”ndə şagirdlərə əyani idman dərsi keçəm”.