Yazıçı Əli Əkbər İrəvanda azərbaycanlıları təhqir etdi

Yazıçı Əli Əkbər İrəvanda azərbaycanlıları təhqir etdi
Oxunma sayı: 7726

Azər Qismət

İrəvanda keçirilən “Qarabağ münaqişəsi: tarix və müasirlik” beynəlxalq konfransı ötən illərki tədbirlərdən auditoriyanın genişliyi və təşkilatçılıq qabiliyyətinə görə fərqləndi. Təbii ki, Azərbaycanın əleyhinə yönələn bu konfransda ona nifrət bəsləyən və məhvini istəyənlər iştirak edirdi. Builki konfransın “yaxşı” təşkil olunması ora “Azərbaycan təmsilçisi”nin qatılması da göstərilməlidir. Bu, Əli Əkbər kimi tanınan yazıçı Ələkbər Əliyev idi.

Ələkbər Əliyev bu konfransa İsveçrədən gəlsə də, onu Azərbaycan təmsilçisi kimi təqdim ediblər. Bunu niyə ediblər, aydın məsələdir. Konfransda özünü guya talış xalqının qəhrəmanı hesab edən Fəxrəddin Aboszodənin də qatılacağı əvvəlcədən gözlənilirdi. Əlikram Hümbətov qocalıb, belə tədbirlərə Fəxrəddini göndərir. Biz Fəxrəddin Aboszodənin necə fırıldaqçı, pulgir və riyakar olduğunu yaxşı bilirik, elə qardaş-bacılarımız talışlar da həmin tipi yaxşı tanıyırlar. O, çıxışında deyib ki, “biz talış xalqı Artsaxın müstəqilliyini tanıyır və belə müqəddəs işdə sizə dəstək oluruq”. Məncə, talış xalqının nümayəndələri - alimlər və incəsənət xadimləri onun bu sərsəmləməsinə cavab olaraq bəyanat qəbul etməlidirlər. Ki, hansısa fırıldaqçı onların adından çıxış etməsin.

O ki qaldı yazıçı Əli Əkbərə. O, Azərbaycan hökumətini və mətbuatını şovinizmdə ittiham edib. Buna nümunə kimi Meydan TV-nin ermənifobiya ilə məşğul olmamasını göstərib. Çıxışında onu da bildirib ki, “Azərbaycan rəhbərliyi İrəvana iddia edir, Xankəndini dinc əhalisi ilə birlikdə dağıdacağı barədə bəyanatlar verir... bununla münaqişə həll olunmur”. Həmçinin belə fikirləri ümumilikdə azərbaycanlılarda çoxdan mövcud olan bazar təfəkkürü – hər şeyi almaq və satmaq anlayışı ilə izah edib.

Yazıçı Əli Əkbər Amerika rejissoru Kventin Tarantino kimi Azərbaycan ədəbiyyatına söyüş gətirən ilk yazıçılardan biridir. Görünür, uğurlu alınıb, çünki ondan sonra bu, davamlı xarakter almaqdadır. Deməzdim ki, o, pis yazıçıdır. Əsərlərindəki mövzu seçimini kənara qoysam, o, yaxşı yazıçıdır.

Mövzu seçiminə gəlincə “Artuş və Zaur” əsərindəki iki homoseksual gəncin – erməni və azərbaycanlının sevgisi, o cümlədən “Amneziya” romanında guya Azərbaycanda söz azadlığının boğulmasına yönəli baş qəhrəmanın “mübarizəsi” yer alır. Bilirəm, bu yazını oxuyacaq və şənimə söyüşlər yağdıracaq, özü bilər. Hər halda əsas fikrim ondan ibarətdir ki, Əli Əkbər o konfransda Azərbaycandan olan təmsilçilik statusu formasında iştirak və çıxış etməli deyildi. Ən azından deyə bilərdi ki, “mən İsveçrədən gəlmişəm, Azərbaycanla bağlı pasport qeydiyyatım yoxdur”. Həm də Qarabağ münaqişəsinin həllinin belə həssas məqamında əleyhimizə çıxışını satqınlıq adlandırıram. Başqa təhqirlərə yol vermirəm, çünki bu xarakterimə uyğun deyil. Amma sən Bakıda böyüyüb boya-başa çatan və dərdimizi yaxından bilən insan kimi ora getməli deyildin.

Yox, deməyəcəyəm ki, o, hansı pullarla İsveçrədə komfort şəraitdə yaşayır, arxasında duran xarici qurumun Azərbaycana qarşı məqsəd və məramı nədən ibarətdir. Mən məsələnin başqa tərəfindən – Avropada yaşayan nəsr nümayəndələrimizin hansı səbəbdən Azərbaycanın əleyhinə apardıqları kampaniyanın nədən qaynaqlandığı barədə öz mülahizələrimi söyləmək istəyirəm.

Hər şey 2006-cı il oktyabrın 12-dən başlandı. Məhz həmin gün türk yazıçısı Orxan Pamuk “Nobel” mükafatına layiq görüldü. Və bu, bizim yazıçılarda canlanma yaratdı. Ancaq bu hamıya eyni qaydada təsir etmədi. Kimisi Orxan Pamuk yaradıcılığına peşəkar nəzərlə yanaşdı, kimisi isə onun hansı səbəbdən “Nobel” mükafatı almasını araşdırdı. Canlanma həm də ona görə yarandı ki, indiyə qədər belə düşünülürdü ki, Beynəlxalq Nobel komitəsi o mükafatı türk dünyasının ədəbiyyat nümayəndələrinə verməyəcək. Orxan Pamuk isə o buzu sındırdı. Və təkrar edirəm ki, bəziləri onun yalnız mükafata doğru keçdiyi yolları araşdırdı.

Deməli, yazıçı Orxan Pamuk kimi Amerika və Avropada yaşamalısan, oranın mətbuatına tez-tez müsahibələr verməlisən. Məsələn, onun 2005-ci ilin fevralında İsveçrədə çıxan “Das Maqazin” jurnalına verdiyi müsahibə xarakterli formasında. Yazıçı həmin müsahibədə demişdi ki, “Türkiyədə 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir”. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə “türklüyə həqarət” ittihamı ilə məhkəməyə verildi. Bu da Avropanın müəyyən qurumlarını bir daha inandırdı ki, Pamuk sırf bizim adamdır, Türkiyə Təhlükəsizlik orqanlarının yazıçı adı altında qitəyə sırıdığı xəfiyyəsi deyil.

Və ondan sonra Əli Əkbər, Günel Mövlud kimi yazıçı və publisitlərimiz Avropaya üz tutdular. Coğrafi məkanlara diqqətlə fikir verin: Orxan Pamuk da İcveçrədə belə bəyanatlar vermişdi. İndi Əli Əkbər də həmin ölkədən “həqiqətin carçısı” kimi çıxış edir. Düzdür, Avropaya sığınan yazıçılarımız Orxan Pamuk kimi Türkiyədəki ermənilərin soyqırıma məruz qaldığını deyə bilməzlər. Adama deyərlər, sən azərbaycanlısan, öz ölkəndən danış, buna görə Orxan Pamuku mükafatlandırdıq, sən başqa özünü başqa mövzulara köklə. Nədən danışsın? Avropada əsas dəyərlər nədir? Ümümi sərhədlər anlayışı, homoseksuallıq və sair. Bu da sizə homoseksuallardan bəhs edən əsər: “Artuş və Zaur”. Sonda əsərin qəhrəmanları müharibəyə görə qovuşa bilməyərək çıxış yolu kimi intiharı seçirlər.

Fikrimcə, nə Əli Əkbər, nə Günel Mövlud “Nobel” mükafatını almaq üçün kifayət qədər fundamental mövzulara müraciət etmirlər. Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda guya söz azadlığının boğulması, adamlarımızın bazar təfəkkürü ilə yaşaması, kişilərimizin qadınlarımızın hüquqlarını pozması, məişət zorakılığı “Nobel” mükafatına aparan yolda çox xırda məsələlərdir. Bu müəyyən qurumlara lazım olan və Azərbaycanı müvəqqəti qıcıqlanırma metodudur, lakin ümumilikdə siyasiləşmiş “Nobel” mükafatı üçün əsas ola bilməz. Orxan Pamuk isə həmin mükafatı almaq üçün özü üçün konseptual nəzəriyyə formalaşdırmışdı. Həm doğulduğu ölkədə dünyəvi problemlərin təzahürünü ortaya qoydu, həm də bir tərəfdən Türkiyəni erməni soyqırımıda ittiham etdi. Məsələn, Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını qələmə alıb. Müəyyən maraqlara xidmət etsə də, mövzunu özünün bəşərililiyinə görə səciyyələndirmək olar.

Adıçəkilən yazıçılar isə Azərbaycanın kişilərini və qadınlarını müzakirə edirlər, ermənilərlə azərbaycanlıların dost olmasının gərəkliliyini vurğulayırlar. Bununla çətin “Nobel” alına. O mükafatı almaq üçün başqa mövzuları da seçmək olar. Necə ki, Markes LatınAmerikası diktatorlarını – Porfirio Diası, Legia, Qomes və Maçadonun ümumiləşmiş obrazlarından bəhs edən “Patriarxın payızı” əsərini ortaya qoydu. Diktatura Qərb üçün həmişə “gözəl” mövzudur. Demokratiya oyununda diktatura və söz azadlığından gözəl mövzular varmı? Neçə ildir ki, sınaqdan “yaxşı” çıxır.

“Nobel” almaq üçün başqa mövzular düşünün. Məsələn, NATO-nun Rusiyaya qarşı Polşa və Rumıniyada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması istiqamətində hansısa zabitin fədakarlığından, Əfqanıstanda Amerika əsgərlərinin guya bir əfqan ailəsini xilas etməsindən də yaza bilərsiniz. Mövzular çoxdur. Yoxsa, azərbaycanlılar bazar təfəkkürü ilə yaşayır, azərbaycanlı kişilər qaniçən və başkəsəndir, bu təhqirdən o yana keçmir.

İnsan necə hissiyatsız olar ki, xırda füqur kimi əllərdə oynadılmasını duymasın?!