"Qafqazinfo" Berlin Texniki Universitetinin doktorantı, Almaniyanın KAAD təşkilatının yeganə və ilk azərbaycanlı təqaüdçüsü Günel Babayeva ilə müsahibəni təqdim edir:
- Günel xanım, gəlin, Azərbaycandan başlayaq harada təhsil almısız?
- Azərbaycan Dillər Universitetinin “Tərcümə” fakultəsinin məzunuyam. Eyni zamanda Almaniyanın Potsdam Universitetində “Xarici dil linqvistikası” üzrə magistr təhsili almışam. Almaniyada maqistratura təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmışam. 15 yaşım olarkən Almaniya Pedoqoji Mübadilə Xidmətinin (PAD) məktəblilər arasında keçirdiyi Alman dili müsabiqəsinin qalibi olaraq Azərbaycanı Almaniyada təmsil etmişəm. 2017-ci ilin oktyabr ayından Almaniyanın KAAD təşkilatının yeganə və ilk azərbaycanlı təqaüdçüsü olaraq Berlin Texniki Universitetinin doktorantıyam. Azərbaycanın xarici dil siyasətinə yaxın mövzuda tədqiqat işinin üzərində çalışıram. Hazırda Almaniyada yaşayıram. Ailəliyəm. Bir övladım var.
- Nə zamandan xaricdə təhsilə qərar verdiniz?
- Xaricdə təhsil almaq bakalavr təhsili aldığım zamanlar fikrimdə yox idi. Dilini öyrəndiyin ölkənin, onun mədəniyyətinin, mentalitetinin illər keçdikcə mahiyyətinə daha dərindən varırsan, o ölkəni bütün mənfisi və müsbəti ilə sevirsən. Eynən, vətənini yaxşısı və pisi ilə sevdiyin kimi. Bu sevgi məndə alman dilinə və Almaniyaya məktəb illərindən var idi. Buna baxmayaraq heç bir zaman bu ölkədə uzun müddətli yaşamağı düşünmürdüm. Azərbaycanda bakalavr təhsili aldıqdan sonra iş tapmaqda əziyyət çəkdim. Qüsuru özümdə axtardım. Düşündüm, yəqin ki, daha güclü kadr olsaydım, arzuladığım işdə çalışa bilərdim. O zamanlar Azərbaycan Xarici İşlər Nazirliyində işləməyi çox istəyirdim. Lakin, müəyyən səbəblərdən bu arzum reallaşmamışdı. Mən də təslim olmamağı, mübariz olmağı, daha dərin bilikli insan olmağı qərara aldım, təhsilimin davamı üçün Almaniyaya üz tutdum.
- Almaniyada olduğunuz zamanlar Azərbaycan sizə necə görünürdü və indi necə görünür?
- Magistratura təhsili aldığım illərdə, ictimai fəal olaraq ölkəmin təbliğatı ilə bağlı müəyyən işlər gördüm. Hətta, bir ara siyasətlə məşğul olmaq istədim. Sonra anladım ki, siyasət mənim üçün deyil. Siyasi fikirlərimizin fərqliliyinə görə, əksər dost və tanışlarımı itirdim. Onları daha çox itirməmək üçün siyasi fikirlərimi yalnız özümdə saxlamağa məcbur oldum. Çünki, Azərbaycan hakimiyyətini daima dəstəkləyirdim. Lakin, Azərbaycandan Almaniyaya da tam razı gəlməmişdim, səbəb uzun illər Azərbaycanda iş axtarışımın nəticə verməməsi idi , hətta daha betər problemlərlə, bəlalarla rastlaşdığım zamanlar olmuşdu.Buna baxmayaraq heç bir zaman Azərbaycan dövlətindən və hakimiyyətindən narazılığım olmamışdı, çünki əmin idim ki, öz vəzifə səlahiyyətlərini yerinə yetirmək iqtidarında olmayan və məsuliyyətlərini dərk etməyən bəzi vəzifəli şəxslərə görə dövlətdən narazı qalmaq olmaz. Dövlət yalnız Vətənini həddindən çox sevən dövlət başçısının siyasi iradəsi, biliyi, bacarığı və gücü sayəsində möhkəmlənə bilər. Ki, bizim dövlət də ən güclülərdəndir!
- Almaniyada təhsiliniz bitdikdən sonra Azərbaycana qayıtdız?
- Çox böyük ümidlərlə Azərbaycana qayıtdım. İlk qayıtdığım zamanlarda Azərbaycan Milli Elmlər Akademiyasına və bir neçə Azərbaycandakı dövlət universitetlərinə iş üçün rəsmi müraciət etdim, lakin heç bir cavab ala bilmədim. Uzun israrlarımdan sonra ADU-da müvəqqəti müəllim olaraq işlə təmin olundum. Elə həmin ərəfələrdə bəzi araşdırılmayan elmi mövzuların olduğunu kəşf etdim, Almaniyada elmi-tədqiqat işinə başlamağı qərara aldım. Qazandığım yalnız ideya oldu.
- Qeyd etdiniz ki, KAAD təşkilatının ilk və yeganə azərbaycanlı təqaüdçüsüsünüz. Sizdən əvvəl bu ölkəmizdən bu təşkilatın təqaüdünü qazanan olmayıbmı?
KAAD təşkilatı 1958-ci ildə yaranıb. Bu təşkilatın 60 illik tarixində 9500 tələbə, gənc araşdırmaçı və alimlərin təhsili və tədqiqatı bu günə qədər maliyyələşib. Təşkilatın keçmiş təqaüdçüləri arasında Albaniyanın eks prezidenti Bamir Topi, Fələstinin keçmiş turizm naziri və hal-hazırda Fələstinin Almaniyadakı fövqəladə səfiri Xoulud Daybes və Polşanın Vrotslav şəhərinin meri Rafael Dutkeviç və digər siyasətçilər olmuşlar. Azərbaycandan hal-hazırda KAAD təşkilatının ilk və hələki yeganə şəxs olaraq təqaüdünü qazanan mənəm. Amma çox istəyərəm ki, akademik və siyasi elitanı yetişdirən bu təşkilatda azərbaycanlıların sayı çoxalsın.
- Təqaüdçüsü olduğunuz təşkilatın əsas prinsipi nədir və ölkəmizə qarşı münasibət necədir?
- KAAD təşkilatı dünyanın bütün qitələrindən və 50-dən çox ölkəsindən olan gənclərin akademik təhsilini maliyyələşdirir. Təşkilatın baş katibi cənab Veberin də qeyd etdiyi kimi KAAD beyinlərə sərmayələr qoyur. Təqaüdçülərdən əsas dinlərarası dialoqda və ədalətli dünyada birgə fəaliyyət gözlənilir. KAAD katolik kilsələrin ən böyük təqaüd təşkilatı olaraq ədalət prinsipləri üzərində fəaliyyət göstərir. Ölkəmizə gəlincə isə, bu cür halları böyük beynəlxalq tədbirlərdə daha çox hiss etmək olur. Ötən günlərdə KAAD-ın 60 illik yubiley konqresi keçirildi. 400-ə yaxın təqaüdçü və qonağın qatıldığı tədbirdə təbii ki, sənin də üzərinə təmsilçi olaraq ən yüksək şəkildə ölkəni tanıtmaq düşür. Səmimi münasibətlər çərçivəsində keçirilən bu tip tədbirlərdə insanın mənəvi keyfiyyətlərindən və etik davranış qaydalarından başlayaraq savad, elm və digər nüansları ən yüksək səviyyədə ortaya qoyması gərəkir. Bu səbəbdən də bütün insani keyfiyyətlərimi qabardaraq ən başından bəri diplomatik etiket, ədəb və nəzakət qaydalarına tam-tamlığında riayət etməyi özümün borcu bilirdim. Azərbaycandan olan bir şəxsin təhsilinin 60 illik tarixə malik xarici təşkilatdan tərəfindən ilk dəfə maliyyələşdirilməsi məncə artıq ölkəmizə gözəl münasibətin göstəricisidir.
- Tədqiqat işiniz yekunda ölkəmiz üçün hansı faydaları verəcək?
- Tədqiqat işimin faydalarından danışmaq üçün empirik hissəsinin əmələ gəlməsi şərtdir ki, bunu da bu ilin payız aylarında Azərbaycanda məktəb və bir neçə universitetdə keçirtməyi qərarlaşdırmışam. Amma ümumilikdə deyə bilərəm ki, tədqiqatla bağlı müəyyən nəticələr var və bunlar ürəkaçandır.
- Yeni təhsil naziri təyin edilib. Təhsil sahəsində hansı islahatların aparılmasını arzulayardınız?
- Ümumiyyətlə, islahatlar apararkən çox ehtiyatlı olmaq lazımdır. Xüsusən də, bu islahatlar Təhsil sahəsində baş verirsə. Hər bir rəhbər təhsil sahəsində islahatları edərkən, çox götür qoy etməlidir. Çünki, bu müsbət məqamlarla nəticələnə bildiyi kimi, mənfi tərəfləri də özündə əks etdirə bilər. Bu səbəbdən, hansısa islahatı arzu etmək və ya aparılacaq islahatın özüylə gətirə biləcək bütün neqativ halları analiz etmədən hər hansı bir fikri irəli sürmək yalnış olardı.
