Bu gün Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qonaqları salamlayan Yəhya Musayev Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edib. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışıb.
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılıb. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.
Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.
Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.
Son xəbərlər
Son Xəbərlər