Bu barədə “Qafqazinfo”ya açıqlama verən müstəqil ekspert Əlabbas Məhərrəmov həmin senatorları Azərbaycana boylanmaqdansa, Ferqyuson və Baltimorda yaşanan dəhşətlərlə maraqlanmağa çağırıb: “On altı senatorun prezident İlham Əliyevə yazdığı məktub məzmun, forma, hətta tərz baxımından, Azərbayana qarşı aparılan beynəlxalq kampaniyanın tərkib hissəsi kimi qəbul edilə bilər. Bir sıra xarici nəşrləri, qeyri-hökumət təşkilatlarını, siyasətçiləri antiAzərbaycan kampaniyasına cəlb edən beynəlxalq şəbəkə, görünür, Bakıya qarşı təzyiqləri ABŞ senatorları səviyyəsində davam etdirməyə ehtiyac hiss edib. Senatorların bu prosesə cəlb olunması da deməyə əsas verir ki, şəbəkənin uzun müddətdir, Azərbaycan əleyhinə apardığı kampaniya təşkilatçıların gözləntilərini doğrultmayıb. Senatorlar Azərbaycan prezidentinə yazdıqları məktubda yenə də “köhnə val”ı fırlayıblar. Onların “narahatlıqlarını” bildirdikləri məsələlərin isə - demokratiya və insan haqları - Qərbin əlində sadəcə, təzyiq vasitəsi olduğu dəfələrlə təsdiqlənib. Hər halda, məktubu imzalayan amerikalı senatorlar üçün insan haqları məsələsi bu qədər əhəmiyyət kəsb edirsə, o zaman Azərbaycana boylanmaqdansa, gedib Ferqyusonda və ya Baltimorda baş verən dəhşətlərin qarşısını almağa çalışsınlar. Gedib araşdırsınlar və müəyyənləşdirsinlər ki, ABŞ-ın həmin şəhərlərində nə qədər dinc insan polis zorakılığının qurbanı olub və neçə jurnalist oradakı hadisələr zamanı peşə vəzifəsini icra edərkən polislər tərəfindən döyülərək həbsxanaya salınıb. Bundan başqa, Azərbaycanın Ermənistanın işğalına məruz qaldığını gözəl bilən həmin senatorlar bir dəfə də olsun, beynəlxlaq hüququn təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırış ediblərmi? Həmin on altı senator Xocalı Soyqırımının törədilməsində birbaşa iştirakını etiraf etmiş Serj Sərkisyanın məsuliyyətə cəlb olunması təşəbbüsü ilə də, təbii ki, çıxış etməyiblər. Bütün bunlar bir daha göstərir ki, Qərbdəki dairələrin əsas məqsədi Azərbaycanı öz maraqlarına uyğun siyasət yürütməyə məcbur etməkdir. Bu isə artıq onların da başa düşdükləri kimi, boş cəhdlərdir”.
Son xəbərlər
Son Xəbərlər