Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynını mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq etməklə yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən əsginasın üzərində Mərkəzi Bankın sabiq sədrinin imzasının olması maraq doğurub.
Məsələ ilə bağlı qurum açıqlamasında bildirib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.
Qeyd edək ki, Elman Rüstəmov 1995-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub. Prezident İlham Əliyevin 13 aprel tarixli Sərəncamı ilə Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib.
***
Eyni zamanda Mərkəzi Bankdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın sədri vəzifəsinə yeni təyinatla əlaqədar təyinat tarixindən sonra istehsal olunacaq kağız pul nişanlarında yeni rəhbərin imzası təsvir olunacaq: "Bu zaman həm tədavüldə olan, həm də yeni istehsal olunmuş pul nişanları paralel dövriyyədə olacaq.
Eyni zamanda bildiririk ki, cari ilin 22 iyun tarixindən yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulur. Yenilənmiş 10 manatlıq kağız pul nişanlarının istehsalı prosesləri artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.
Bununla belə qeyd etməliyik ki, oxşar təcrübə hələ 2009-cu ildə baş vermiş, Referendum yolu ilə “Azərbaycan Respublikasının Konstitusiyası”nda edilmiş dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının Milli Bankı”nın “Azərbaycan Respublikasının Mərkəzi Bankı” kimi adlandırılmasına baxmayaraq, həmin vaxtadək istehsal olunmuş və tədavülə yararlı olan pul nişanları tədavüldən çıxarılmamış və bugünədək tədavül vasitəsi kimi paralel olaraq dövriyyədədir".
Xəbəri rus dilində oxuyun: В лотерее “40.000.000 Pul Yağışı” был выигран очередной крупный выигрыш - 200 000 манат
Son xəbərlər
Son Xəbərlər