Yeni dəyişikliklə müəllimlərə məhdudiyyət qoyulub?

yeni-deyisiklikle-muellimlere-mehdudiyyet-qoyulub
Oxunma sayı: 4387

İqtisadçı ekspert Rövşən Ağayev Təhsil Nazirliyinin müəllimlərin işə qəbul və yerdəyişməsi ilə bağlı ötən gün açıqladığı dəyişiklikləri tənqid edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ekspert bildirib ki, yeni qərar təhsil sistemini uzağa apara bilməyəcək.

Onun sözlərinə görə, təhsil sistemini eksperiment meydançasına çeviriblər: “İşə qəbulla bağlı yeni qaydalara görə, müəllimlər son yerdəyişmədən 3 il keçməyənə qədər yerdəyişmə imtahanında iştirak edə bilməyəcəklər. Tanıdığım gənc müəllim 5 il yaşayış yerindən 25 km uzaqda işlədi. Ötən il yerdəyişmə imtahanı ilə başqa məktəbə keçdi, amma yeni iş yeri də yaxın deyil. Sadəcə əvvəlkinə nisbətən daha yaxın olduğu üçün növbəti il daha yaxşı şans qazana biləcəyi ümidi ilə yeni məktəbə keçdi. İndi siz onu məcbur edirsiniz ki, daha 3 il kifayət qədər uzaq məsafədə işləsin. Bu insanların azyaşlı övladlarını etibar edəcəyi normal bağça sistemi də qurmamasınız. Bu eksperimentlərlə Azərbaycan təhsilini “Mərdanov modeli”ndən çətin ki, uzağa apara biləsiniz”.

Sözügedən problemə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov reaksiya verib. O, Rövşən Ağayevə cavab olaraq bildirib ki, nazirlik yerdəyişmədə heç kimə qadağa qoymur: “Biz şəxsə iki seçim veririk. Ya işdən çıxır və yenidən müsabiqədə iştirak edir, ya da ki, yerdəyişmə müsabiqəsində iştirak edir. Müsabiqədə iştirak edərək həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05; 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq”.