Siz bir də empatiyaya qapılaraq atanın yerinə düşünün. İşdən qayğılı, yorğun döndüyünüz an qapı arxasından nəfəsi- nəfəsindən olan bir şirincik hoppanıb, sinənizə çıxar, saçlarınızı qarışdırar. Xoşbəxtliyi o an sizə daddıracaq bir körpənin telini dünyaya dəyişməzsiniz.
Siz bir də bunu düşünün, o körpə bir yox, Allahın lütfü ilə dörddür (4 üz) və siz tale hədiyyəsinin başınızdan var-dövlət əvəzi töküldüyü anı yaşayırsınız.
Dünyada barmaqla göstəriləcək sayda insanlardan biri, atalardan biri olursunuz.
Elə bizim salyanlı Rəşad Abbasov kimi...

Sosial media hesabımıza gələn mesajdan sonra biz də, eyni gündə 4 uşağı dünyaya gələn ailəni ziyarət etməyə qərar verdik.
Nərimanovda “obşitellər” məkanı kimi tanınan metro yaxınlığındakı beşmərtəbələrin birinə yollandıq.
Bizi pərli-budaqlı, enlikürək, dolu bədənli bir cavan oğlan qarşıladı.
Qəmər xanımla onun müşayiəti altında üç-dörd mərtəbədən sonra gəlib, məkana yetişdik.
Qapını bizə bələdçilik edən Rəşadın anası açdı.
Amma uşaqların qırxı çıxmadığı üçün uşaqlardan birini qollarında göyə qaldırdı və altından keçib, otağa daxil olduq.
Sizi bilmirəm, amma belə bir dar otağa qışın oğlan çağında da soba lazım deyil, o körpələrin nəfəsindən isinən pəncərələr həyata, yaşamağa baxan ən gözəl ayna imiş.
Bir-birinin yanında düzülmüş oyuncaqlara bənzəyən fidanlar...
Və biz bu qeyri-adi ailə ilə hər şeydən danışmağı qərara aldıq: "Kvartet"in atası böyük zövqlə məişətlərinə işıq salmağa başladı:
“Əvvəlcədən bilirdik ki, 4 uşağımız olacaq, ona görə də prezidentimizə məktub yazdıq ki, uşaqlarımızın adını onun ailəsinin şərəfinə verəcəyik. Elə də etdik. Balacaların biri oğlandır. Adını İlham qoyduq. Qızlarımızın adları isə Mehriban, Arzu və Leyladır”.

Ailə 15 kv bir otaqda yerləşib.
Söhəbətimiz yol alıb uzanmağa başladı.
Uşaqların valideynləri Salyan rayonunun Qalalı kəndində doğlublar və qeydiyyatları da orayadır.
Amma ailə başçısı Bakıda müxtəlif, günəmuzd işlərdə çalışdığından ailəsini də özüylə gətirib, kirayədə məskunlaşıb.
Uşaqları Bakıda doğulan valideynlər ilk olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciət ediblər.
Ən məhsuldar “iş”ini ortaya qoyan atanın iş sarıdan bəxti o qədər də gətirməyib.
Əvvəllər ayda 500 manat qazanan Rəşad artıq onu da əldə edə bilmir. Ailənin qaldığı bir otaqlı evə görə isə ayda 300 AZN ödəməyə məcburdur.
Artıq 7 nəfərə çatan ailəni bu məbləğdə qazancla saxlamaq sual altındadır. Bundan əlavə ailə, evin bütün kommunal xərclərini də ödəyir.
Bütün bu xərclərlə yanaşı, uşaqların müalicəsi, qidası, paltarı da valideynin çiyinləri üstündədir.
Ailə başçısı deyir ki, dövlət müyyən bir müavinət ayırsa, o fəhləlik də etsə, birtəhər körpələrini böyüdə bilər.
Amma doğrudan da Azərbaycana vətəndaş yetirəcək bu ailənin mənzili arzuedilən durumda deyil.
Rəşadgilin ailəsi o qədər də maddi baxımdan karlı deyil, atasız böyüyüb və bu gün də öz ayaqları üstündə qalmağa çalışır.

Amma qarşıdan kirayə pulu, uşaqların gündəlik xərci və pulsuz günlər gəlir...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirir ki, ailə maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qeydiyyatda olduğu rayonun DSMF-na müraciət etməlidir: "Nazirlik bu ailəyə ev verə bilməz. Çünki bu yalnız müharibə iştirakçıları və şəhid ailələri üçün nəzərdə tutulub. Amma rayondan ünvanlı sosial yardım əldə edə bilər".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinindən isə bildirdilər ki, ailənin onlara edilən müraciətinə baxılacaq və hansı addımların atılacağı dəqiqləşdiriləcək.
Bəs görsən qanunda bu cür ailələrlə bağlı hansı güzəştlər, yardımlar nəzərdə tutulur?
Hüquqşünas Vüqar Səfərli qeyd edir ki, uşaq doğularkən ailəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada birdəfəlik müavinət verilir. Əgər uşağın valideynləri işləmirsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən verilir: "İki və daha çox uşaq doğulduqda müavinət doğulan uşaqların sayına görə verilir. Uşaq doğulmasına görə birdəfəlik müavinət, uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarınının qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyatdan keçməsindən sonra verilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarilxi 973 saylı Fərmanına əsasən hər uşağa görə 90 manat müəyyən olunub".
Bu ailənin böyük uşağı isə üç yaşında olan Pərihandır.
Yeri gəlmişkən, bu yaxınlarda Tacikistanda yeni doğulmuş 4 üzlərin ailəsi ilə bağlı maraqlı bir addım atıldı.
4 fevral tarixində Tacikistanda 4 uşaq dünyaya gətirən qadına ev hədiyyə olundu.
ATV.az