Yeni fond startaplara 250 min dollara qədər investisiya yatıracaq

yeni-fond-startaplara-250-min-dollara-qeder-investisiya-yatiracaq
Oxunma sayı: 2038

Məlum olduğu kimi, bu gün Azərbaycanda yeni yaradılan “Caucasus Ventures” vençur fondunun təqdimatı keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorlar tərəfindən təsis edilən fondun yaradılmasında əsas məqsəd böyümə mərhələsində olan startaplara sərmayə yatırmaqdır. 

“Qafqazinfo”nun məlumatına görə, İKT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkə hesabında yeni fond tərəfindən startaplara 50 - 250 min dollar məbləğində investisiyanın yatıra biləcəyini qeyd edib. 

O qeyd edib ki, fond ilkin inkişaf səviyyəsində olan 50-yədək startapı 5 il ərzində maliyyələşdirməyi hədəfləyib: “Adətən, startapçılarımız tez-tez bizdən soruşurlar ki, investisiyanı haradan əldə etmək olar. Nəhayət ki, belə bir vençur fond bizdə də yarandı. RİİN-in İRİA Agentliyi, PAŞA Holding, özəl şirkətlər (RİSK, Bestcomp, SİNAM) və bir neçə fərdi sahibkarın iştirakı ilə "Caucasus Venture" Fondu təsis edilib. Fondun büdcəsi 11 milyon manatdır. Fond toxum səviyyəsində, yəni ilkin inkişaf səviyyəsində olan 50-yədək startapları 5 il ərzində maliyyələşdirməyi hədəfləyib”.

O. Gündüz əlavə edib ki, bu məsələ ölkəmizdə təxminən 10 il ləngiyib. Qonşu ölkələrdə bu tip çoxsaylı fondlar uzun müddətdir aktiv işləyir: “RİNN, ASAN və KOBİA nə qədər çalışsalar da ötən müddət ərzində vençur maliyyələşmə haqqında qanun layihəsini ortaya çıxarda bilmədilər. Hələ də mənə qaranlıqdır ki, kimlər və nə üçün belə bir qanunun zamanında qəbuluna maneçilik törətdilər? İstənilən halda, yeni qanunvericilik olmadan da RİNN və digər qurumların birləşərək belə fonda start verilməsi təqdirəlayiqdir. Baxıram ki, hazırda startup.az portalında 120 milli startapımız qeydiyyatdan keçib. 74 startap Startap şəhadətnaməsi alıb. Ümid edirəm, fond ekosistemdə ciddi bir canlanma yaradacaq və startaplarımıza investisiya dəstəyi verən ciddi bir struktura çevriləcək”.

Qeyd edək ki, “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərimdir.