“Yeni icra başçısı köhnənin saldığı yolları sökdürüb yenidən tikdirir”

yeni-icra-bascisi-kohnenin-saldigi-yollari-sokdurub-yeniden-tikdirir
Oxunma sayı: 2633


Ümid Partiyasının Mətbuat Xidməti Partiyanın Neftçala rayon Şöbəsinin sədri Əliyev Əli Sahib oğlundan yerli təşkilatın fəaliyyəti, bələdiyyə seçkilərin hazırlığın səviyyəsi və bölgədəki problemlərlə bağlı müsahibə götürüb. “Qafqazinfo” müsahibəni oxuculara təqdim edir.

Yerli təşkilat olaraq hansı planlar üzərində işləyirsiniz? Ümumiyyətlə seçkilərə hazırlıqla bağlı fəaliyyətinizi necə qurursunuz?

Rayonda bir neçə partiya fəaliyyət göstərir ki, bunlardan da biri Ümid Partiyasıdır. Digər partiyalarla əlaqəli işləyirik. İşimizə gəldikdə isə demək olar ki, bizim fəaliyyətimiz daha çox hiss olunur ki, nəinki digərlərinin.

Hazırda 29 mart müşavirəsində partiyanın yuxarı orqanları tərəfindən verilən tapşırıq və qərarların icrası ilə məşğuluq. Bələdiyyə subyektləri üzrə seçki qərargahlarını yaradır və namizədləri müəyyənləşdiririk. Rayonda Təxminən 19 bələdiyyə subyekti üzrə 179 bələdiyyə üzvü var. Çalışacağıq ki, bütün subyektlər üzrə komanda halında maksimum namizədlə iştirak edək. Artıq namizədlərdən 25 nəfərini müəyyənləşdirmişik. May ayından gec olmayaraq isə ilkin namizədlər siyahısını Mərkəzi Aparata təqdim edəcəyik.

Bəs fəaliyyətinizdə hansısa problemlərlə üzləşirsinizmi?

Azərbaycanda hər kəs hakimiyyətin müxalif siyasi partiyalara münasibətini yaxşı bilir. Ölkənin hər yerində olduğu kimi biz də eyni problemlərlə üzləşirik. Yaradılan bütüm problemlərə baxmayaraq fəaliyyətimizi davam etdiririk. Vaxtaşırı toplaşır, yığıncaqlarımızı keçirir, görəcəyimiz işləri planlaşdırırıq. Partiyamızın sədri, millət vəkili İqbal Ağazadənin şəxsi nüfuzu, parlament fəaliyyəti, partiyanın siyasi proseslərə düzgün qiymət verməsi və buna uyğun fəaliyyət göstərməsi yeni-yeni insanların sıralarımıza qoşulmasına səbəb olur. Yanvar ayından bu günə qədər 30 nəfərdən artıq yeni üzvlər qəbul etmişik ki, bunların da çoxu gənclərdir. Hesab edirəm ki, bundan sonra da bu cür davam edəcəyik və partiyanın sıraları genişlənəcək, təəssübkeşlərin sayı artacaq.

Hazırda bələdiyyə seçkilərinə əhalinin münasibəti necədir? Bu il seçki ili olması hiss olunurmu?

Hazırda bu ilin seçki il olması hiss olunmur. Sadəcə partiyaların fəaliyyətində bunu hiss etmək olur. Bələdiyyələrin önəmli statusa malik olmaması səbəbindən əhali bələdiyyələrdən heç nə gözləmir və bələdiyyələrə inam yoxdur. Çünki onlar daha çox icra hakimiyyətindən asılıdırlar. Əhalinin tələb və təkliflərini yerinə yetirə bilmir, gözləntilərini doğrultmur. Bələdiyyələrə seçilmiş insanların böyük əksəriyyəti də icra hakimiyyəti tərəfindən təyin olunmuş şəxslərdir. Onlar insanlarla işləmir, daha çox icra hakimiyyətinin tapşırıqlarını yerinə yetirirlər. Bu səbəbdən bələdiyyələrə inam çox azdır. İcra hakimiyyətinin iradəsindən kənar

hansısa böyük tayfa nümayəndələri namizədliklərini irəli sürdükdə isə çalışırlar müxtəlif yollarla onun namizədliyinin qarşısını alsınlar. Bu cür insanlar isə seçildikdə ümumi maraqları deyil, mənsub olduğu tayfa və ya firqənin maraqlarını təmin etməyə çalışırlar. Vəziyyətin bu cür olması siyasi partiyaların da işini çətinləşdirir. Namizədlik məsələsində insanlar tərəddüd edirlər.

Seçkilər ərəfəsində hansı problemlərlə üzləşə bilərsiniz? Problemlərlə üzləşdikdə həlli yolları haqda planlarınız varmı?

Bundan əvvəlki bələdiyyə seçkilərində ciddi problemlərlə üzləşdik. Neftçalada 40 nəfərin namizədliyini bələdiyyələrə irəli sürdük. Təəssüflər olsun ki, hakimiyyət orqanları bizə ciddi problemlər yaratdılar. Evlərə polisi, icra nümayəndələrini göndərdilər. Namizədlərin ailələrinə, qohumlarına təzyiq etdilər. Müxtəlif yollarla təsir göstərdilər. Onlardan 30 nəfəri məcburən namizədliyini geri götürdü. 10 nəfərin namizədliyini çox çətinliklə qeydiyyata aldıra bildik ki, onlardan da yalnız bir nəfər seçildi. Təbii ki, bu seçkilərdə də eyni problemlərlə üzləşəcəyimizi gözləmək olar. Çünki, bu keçən beş ildə siyasi mənzərədə heç bir dəyişiklik olmayıb. Hakimiyyətin siyasi insanlara, siyasi partiyalara münasibəti dəyişməyib. Lakin bunlara baxmayaraq biz sona qədər mübarizə aparacağıq. Qanunun bizə verdiyi bütün imkanlardan istifadə edərək maksimum namizədin qeydiyyatdan keçməsinə çalışacağıq. Problemləri ictimailəşdirəcəyik, qanunsuzluqlarala bağlı məhkəməyə müraciət edəcəyik. Təbii ki, bu işdə bizi partiyamız dəstəkləyəcək. Məhz keçən il 10 nəfər namizədin qeydiyyata alınmasında partiyanın Mərkəzi Aparatının böyük rolu oldu. Onların və şəxsən sədrimiz İqbal Ağazadənin müdaxiləsindən sonra namizədlərdən 10 nəfər qeydiyyata alındı.

Yerli əhalinin siyasi proseslərə münasibəti necədir?

Rayondan kənarda işlədiyim üçün tez-tez marşrut avtobuslarda işə gedir, insanlarla təmasda oluram. Demək olar ki, əhalinin böyük hissəsi bu hakimiyyətin yürütdüyü siyasətdən narazıdır. Bu narazılıq bütün sahələri-təhsil, səhiyyə, sosial müdafiə və digər sahələri əhatə edir. Bu haqda bütün əhali danışır. Hamı dəyişiklik istəyir. Sadəcə insanlar siyasi proseslərdə aktivlik etməkdən çəkinir, bunu siyasi partiyaların üzərinə qoyurlar.

Bölgədə ümumi vəziyyət necədir? Əhali daha çox hansı problemlərlə üzləşir?

Bölgənin ən başlıca problemi işsizlikdir. 10-15 faiz əhali işlə təmin olunub. Yaxşı ki, arada icra hakimləri dəyişir. Yeni gələn icra başçısı köhnənin tikdirdiyi hasarları, saldığı yolları sökdürüb yenidən tikdirir. Hazırda yeni icra başçısının gəlişindən sonra bu cür müəyyən işlərə başlanıb. Yeni binalar tikilir, köhnə binalar, yollar yenidən təmir olunur, binaların fasadları dəyişdirilir. Bu zaman mövsümü olsa da yeni iş yerləri açılır ki, insanların az bir hissəsi həmin tikintilərdə işləyərək qəpik-quruş qazanıb ailələrinə aparırlar. Bunlara baxmayaraq insanların çoxu işsizdir. Əkinçilik və heyvandarlıqla məşğul olanlar da var. Əkinçilikdə də problemlər yaranır. Bəzən kəndli əkin üçün traktor tapa bilmir, bir çox hallarda isə lazım olan məqamda su qıtlığı yaranır. Fermerlərə sahələrini suvarmaq üçün suvarma suyu verilmir. Bu səbəbdən insanların əkinçiliyə marağı azalır. İşsizlikdən insanlar zamanının çox hissəsini çayxanalarda keçirirlər. İşsizlik problemi insanları bölgəni tərk etmək məcburiyyətində qoyur. Onlar ailələrinə çörəkpulu qazanmaq üçün paytaxt Bakıya və ya başqa ölkələrə üz tuturlar. Bölgəni tərk edənlərin isə çoxu ictimai-siyasi cəhətdən aktiv insanlar və gənclərdir. Onların bölgəni tərk etməsi biz siyasilərin işinə də mənfi təsir edir.