Yatmış saat və köhnə təqvim qədər kədərli ev əşyası yoxdu...
Bir ildir, divarda səhifələrini çevirdiyim təqvim nəhayət ki, öz missiyasını başa vurdu. 31 dekabr tarixi bir ilin ağrı-acısını, xoş günlərini də özü ilə götürüb evimizin divarını tərk etdi. Yeni təqvim asdım yerinə. Və beləcə yeni ilin gəldiyini hiss etdim...
Bayramlar gözlərimdə əhəmiyyətini itirən gün böyüdüm.
Bayram günləri süfrəmizdəki təamları ləzzətlə dadmaq əvəzinə onlara çəkilən xərci hesabladığım gün uşaqlıq illərimə “əlvida” dediyimi başa düşdüm.
O gün bacımın oğlu-3 yaşı iki ay öncə tamam olmuş Tunarla bütün uşaqların sevdiyi “Şimal nağılı” cizgi filminə baxırdıq. Adətən bu cizgi filminin adını unudanlar onu bir-birinə standart şəkildə təqdim edir: “Hansı cizgi filmi, bilirsən, o ki uşaqlar anasının sözünə qulaq asmır, ana da quş olub uçub gedir a, bax o...” Ağlım öz uşaq vaxtıma getdi. Dedim yəqin Tunar da təsirlənəcək, anasını incitməyəcək. Baxdı, baxdı və qayıtdı ki, bu uşaqların atası hardadı ki, anaları vedrə ilə su gətirir, belində odun daşıyır? Başqa bir qohum uşağı dilləndi: Yəqin ataları analarını döyürmüş, ona görə də anaları boşanıb...
Yeni il hədiyyəsi aldığım bir uşağa dedim ki, bax, bu hədiyyəni sənə Şaxta Baba göndərib. Güldü və dedi ki, sən də inanırsansa ki, Şaxta baba adlı adam var, daha sənə sözüm yoxdu...
Amma mən uşaq olanda Yeni ili çox sevirdim. Ən sevdiyim bayram idi. Bu bayram gələndə elə sevinirdim ki!.. O vaxt heç fikirləşməzdim ki, valideynlərim süfrəyə, yolka oyuncaqlarına, mənim yeni il şənliklərinə geyəcəyim paltarlara nə qədər xərc çəkib. Böyüməmişdim, çünki. Bütün uşaqlar kimi öz nağıl dünyamı yaşayırdım...
Daha bir ili geridə qoyduq. Ağrısı, acısı, sevinci ilə 2013 tarixə gömüldü. Yenə də cəbhədə atəşkəs oldu. Yenə əsgər ölümlərinin acısı yaşadıq. İl başa çathaçatda bir Qarabağ qazisini faciəli şəkildə itirdik. Adam milli faciələrinə göz yuma bilmir.
... Divardakı təqvimi dəyişməklə köhnə ildən yeni ilə adladığımı hiss etdim. Yaxşı ki bu bayramlar var. Ən azından uşaqlar sevinir. Ən azından bayramlaşırıq-bir-birimizə xoş arzularımızı bildirir, dualar edirik. Yaxşı ki, uşaqlar, arzular və dualar var...
Yeni iliniz mübarək!..
Son xəbərlər
Son Xəbərlər