Yeni işdə köhnə vərdiş

yeni-isde-kohne-verdis
Oxunma sayı: 1999


AKP-nin qalibiyyəti Türkiyədəki seçkiləri maraqla izləyən həmvətənlərimin istəyini gözündə qoydu.  Hər halda bu maraq Azərbaycandakı seçkilərə yönəlsəydi, demokratiya yolunda xeyli irəliləmiş olardıq. 

Artıq gündəm bu deyil. İndi ölkəmizda daha önəmli hadisələr baş verməkdədir. Belə başa düşürəm ki, bizim oliqarx-məmurlar daha ev, maşın, içki, silah, heyvan kolleksiyalarına ara veriblər, indi də media orqanları yığırlar. Kimin beş-on manat pulu olursa, deyir, media maqnatı olacam. İndiyədək bu məsələdə nazir Kəmaləddin Heydərov öndə idi. Ötən ilin sonlarından başlayaraq estafeti Rövnəq müəllim alıb. Daha doğrusu, ölkə üçün olduqca əhəmiyyətli bir qurum olan SOCAR indi də media imperiyası qurmaq niyyətindədir. 

Yayılan məlumata görə, şirkət yeni agentlik yaradır. İnsafən təklif olunan məvaciblər də cazibədardır; müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat. 

Sonra heç deyilən məbləği ödəməsinlər, bu təkliflə belə istənilən agentliyin, qəzetin “belini” qıra bilərlər. Maşallah, bizim jurnalistlər də elastik, hara, necə desən əyilər, bu gün yıxıb sürüdüyünün sabah qarşısında lap hopstop da oynayarlar. İllərdir görə-görə gəlirik. Mərc gələrəm, təklif almış heç bir jurnalist bu məbləğin cazibəsindən çıxa bilməyəcək. 

Haqlıdılar da, onlar üçün nə fərqi var işlədikləri orqan hansı məmura bağlıdır? Onsuz da hansınasa işləyirlər, qoy elə daha çox pul verənin yanında olsunlar. 

Mənim üçün məsələnin bu tərəfi maraqlı deyil. Diqqətimi çəkən iki daha önəmli məqam var. Birincisi, bu agentliyin son zamanlar adı gündəmdən düşməyən SOCAR Traiding SA şirkətinin rəhbəri Anar Əliyev tərəfindən maliyyələşdirilməsidir. Çox maraqlıdır ki, bu adam məhz "Global Witness" beynəlxalq təşkilatının qalmaqallı hesabatından sonra ortaya çıxdı. İndiyədək onun varlığı haqqında kimsənin məlumatı yox idi. Halbuki adam ölkənin neft sərvətlərini dünya bazarına çıxaran ən mötəbər şəxs imiş, neft milyonçusuymuş, bilməmişik. Niyə məhz indi bu milyonçu mediaya sponsorluq etmək istəyir? Olmaya adının mətbuatda hallandırılması xoşuna gəlib? 

Təbii, belə düşünmək sadəlövhlük olardı.

Digər maraqlı məqamsa son aylar SOCAR-da baş verən ixtisarlarla bağlıdır. Az qala hər gün qurumun tabeliyində olan hansısa idarədə işçilərin ixtisar edildiyi, maliyyə böhranı yaşandığı haqda məlumatlar alırıq. Mən neftin milli sərvət olması, ondan gələn gəlirin xalqın rifahı üçün xərclənməsi kimi mücərrəd söhbətləri (Azərbaycan üçün mücərrəd) qoyuram bir kənara. Axı, o nefti istehsal edən, həyatı, sağlamlığı hesabına bu sərvəti ortaya çıxaran adamlara qəpik-quruş ödənildiyi halda, kabinet jurnalistlərinə niyə bu qədər böyük məbləğ xərclənməlidir? Niyə kiminsə zəhmətini mirzəlik edən adamlar yeməlidir?

Yox, sualımın cavabı “mətbuatı susdurmaq üçün” deyil. Mətbuat onsuz da çoxdan susdurulub; yola gələni sosial təminatla, gəlməyəni şantajla, türməylə. Tək-tük səsi çıxanlar var, onların da işi Allaha qalıb. 

Yəni, sözümün canı odur ki, bu qədər sərvət medianı susdurmağa, idarə etməyə yönəlibsə belə, bu, “hakimiyyətə təhlükə ola bilər” qorxusundan deyil. Media bu gün klanlararası çəkişmələrdə vasitəyə, oyuncağa çevrilib. Hər kəs öz hakimiyyətini saxlamaq üçün ondan istifadə edir. 

Oyuncaq olmağı özünə şərəf bilən insanlar var bu məmləkətdə. Təki başqasından üstün yaşayışı, maddi imkanları olsun. Və nə yazıq ki, belələri getdikcə çoxalır. 

Nə deyim, yeni işidə köhnə vərdişiniz mübarək...