Yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub

yeni-kend-teserrufati-texnikalarinin-teqdimati-olub
Oxunma sayı: 2261

Mart ayının 30-u Şirvan şəhərində, “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə nazir Heydər Əsədov və iştirakçılar dünyanın ən inkişaf etmiş ölkələrindən gətirilmiş müasir texnika və texniki avadanlıqlara baxıblar.

H. Əsədov vurğulayıb ki, 2018-ci ildə pambıqçılıqda  istifadə olunan 4360 ədəd texnika, o cümlədən 100 ədəd John Deere 9970 markalı pambıqyığan kombayn, 700 ədəd şum və cərgəarası becərmə traktoru, 700 ədəd traktor qoşqusu və aqrotexniki becərmə işlərini yerinə yetirmək üçün 1960 ədəd müxtəlif  kənd təsərrüfatı texnikası sifariş verilib, bir hissəsi artıq respublikaya gətirilmiş və pambıq istehsalçılarına verilib. Ümumilikdə isə 2018-ci ildə kənd təsərrüfatı texnikalarının alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 117-118 milyon manatı pambıqçılıqda istifadə olunan texnikaların alınmasına sərf olunacaq. Pambığın becərılməsi və yığılması ilə əlaqədar “Aqrolizinq” ASC  tərəfindən təkcə 2015-2017-ci illərdə 7811 ədəd kənd təsərrüfatı texnikası, o cümlədədn 303 ədəd pambıqyığan kombayn, 1566 ədəd müxtəlif markalı  şum və becərmə traktorları, 5942 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq  pambıq istehsalçılarına lizinqə verilib.

Bu gün isə pambıqçılıqla bağlı ölkəmizə gətirilmış 619 ədəd texnika, o cümlədən 59 ədəd pambıqyığan kombaynı,  57 ədəd şum traktoru,  218 ədəd becərmə traktoru, 68 ədəd traktor qoşqusu, 52 ədəd ağır diskli mala, 13 ədəd kanal açan, 27 ədəd çiyidsəpən, 39 ədəd cərgəarası becərən kultivator, 5 ədəd çiləyici, 33 ədəd su çəni, 27 ədəd çöpdoğrayan, 21 ədəd rotasion mala pambıq istehsalçılarının istifadəsinə verilir.

Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib. Həmçinin pambığın müxtəlif sortları üzrə 230 ton lifsiz və 110 ton lifli pambıq toxumları istehsalçılara verilib.