“Yeni Klinika”nın işçiləri yenə əməkhaqqı ala bilmədiklərini deyirlər

yeni-klinikanin-iscileri-yene-emekhaqqi-ala-bilmediklerini-deyirler
Oxunma sayı: 1951

“Bir dəfə sizə bu şikayətlə müraciət etmişdik. Yayımlanandan sonra məsələyə baxıldı, maaşlarımızı ala bildik. İndi yenidən eyni problemi yaşayırıq”.

Bu şikayətlə “Qafqazinfo”ya “Yeni klinika”da çalışan bir qrup tibb işçisi müraciət edib. 

Onların sözlərinə görə, mart-aprel aylarında maaşlarını ala bilməyiblər: “İki aydır ki, maaş ala bilmirik. Söhbət COVİD-lə bağlı nəzərdə tutulan maaşlardan gedir. Maaşlarımızın hansı səbəbdən verilmədiyini soruşanda da deyirlər ki, artıq xəstə əvvəlki kimi çox deyil. Amma bu, səbəb ola bilməz axı, biz elə eyni qaydada çalışmışıq. Mart ayında 144 saat işləmişik, amma inzibati şöbədən bizə deyilir ki, 108 saat yazılıb. Daha sonra öyrəndik ki, 108 saatdan da aşağı salıb cəmi 72 saat yazıblar. Hər işçiyə təxminən 700-800 manat pul verilməlidir. Bu problemi təkcə tibb bacıları yox, qeydiyyatçı da, xadimə də yaşayır”. 

Həmçinin oxuyun: “Yeni Klinikada işçilərə 2 aydır əməkhaqqı ödənilmir”

Klinikada çalışan tibb işçilərinin iddiasına əsasən, bu hallar yeni baş həkimin gəlişindən sonra yaranmağa başlayıb: “Əvvəl məvacib də yüksək idi. Zamanla azaltdılar. Məsələn, qabaq 900 manata qədər maaş alırdıqsa, sonradan bunu aşağı saldılar. Daha sonra isə maaşlar gecikməyə başladı və nəticə olaraq iki ayın maaşını vermirlər. Gecə səhərə qədər növbədə olub işləyən əməkdaşlarımız var. Nəyə görə oyaq qalırlar? Ona görə ki, maaş ala bilsinlər. Bəs hanı o maaş? Niyə haqqımız kəsilir? Rəhbərliyə etiraz etdikdə, haqqımız tələb edəndə isə “Hansı haqqı tələb edirsiz?! Kimə istəyirsizsə, şikayət edin. Xoşunuza gəlmir, işdən çıxa bilərsiz” deyilir”. 

Şikayətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib: “Məlumat üçün bildirək ki, cari ilin mart və aprel aylarında ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib. Bu baxımdan “Yeni klinika” tibb müəssisəsində də virusa yoluxmuş xəstələrin sayında mart və aprel ayları üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin də iş saatları xəstə sayına görə tənzimlənib”. 

Dövlət Agentliyindən o da bildirilib ki, “Yeni klinika” tibb müəssisəsindən mart və aprel ayları üzrə reyestr daxil olduqdan sonra qurum tərəfindən qeyd edilən aylar üzrə müddətli əlavələrin ödənişi 3 iş günü ərzində həyata keçiriləcək.

Lamiyə Məmmədova