Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili”nə həsr olunan ənənəvi “Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verilib.
"Qafqazinfo" xəbər verir ki, 09-15 iyun 2016-cı il tarixində keçiriləcək “Uşaq Kitab Karvanı Şimal bölgəsində” çərçivəsində təşkil edilən səyyar kitab sərgiləri respublikanın şimal bölgəsini - Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd respublikanın şəhər və rayon MKS və filiallarda uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etmək, səyyar sərgilərin keçiriləcəyi həmin rayonlarda uşaqların oxu ehtiyacını təmin etməkdir.
Eyni zamanda kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artması hədəf seçilib.
Artıq dördüncü dəfədir ki, təşkil edilən kitab karvanında F. Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri, uşaq yazıçılarından Zahid Xəlil, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi-yazar Füzuli Əsgərli və digərləri iştirak edəcəklər.
Hər bir rayon üçün nəzərdə tutulan kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, təxminən min nüsxə son illərdə nəşr olunan uşaq ədəbiyyatı nümunələri rayon kitabxanalarına hədiyyə olunacaq. Kiçik yaşlı uşaqlar arasında “Nağıl bilicisi” adlı müsabiqə keçiriləcək, qalib “Nağıl bilicisi” medalı ilə təltif olunacaq.
Son xəbərlər
Son Xəbərlər