Yeni media-platformasının təqdimatı oldu - Video

yeni-media-platformasinin-teqdimati-oldu
Oxunma sayı: 3022

“Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir”.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Trend BİA baş direktorunun müavini Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media-platformasının təqdimatında çıxışı zamanı deyib.

O bildirib: “Bu gün biz Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq, 100 illik tarixi ilə böyük nüfuz və geniş auditoriya qazanmış Rusiyanın TASS agentliyi ilə tərəfdaşlıqda layihəmizi təqdim edirik. “Еastweststream.com” platforması Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılamağı hədəfləyir. “EastWestStream”, həmçinin geosiyasi prosesləri əhatə edəcək, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu, siyasi proseslər barədə etibarlı xəbər mənbəyi kimi cıxış edəcək”.

E.Əliyev bildirib ki, “Еastweststream.com” texnoloji baxımdan unikal rəqəmsal media platformadır, layihə çərçivəsində Şərq və Qərbin aparıcı media strukturlarının birləşdirilməsi mümkün olacaq: “Layihəmizin əsas hədəflərindən biri məhz Şərqdən Qərbə və əks istiqamətdə məlumat axınını təmin etməkdir. Gələcəkdə yeni nüfuzlu tərəfdaşlar cəlb etməklə Şimal-Cənub, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanı bir növ məlumat tranzit qovşağına çevirmək niyyətindəyik. Trend agentliyi hesab edir ki, portal geniş auditoriya toplayacaq, beynəlxalq aləmdə biznes və siyasi elita üçün faydalı və etibarlı məlumat mənbəyi olacaq. Eyni zamanda, TASS agentliyinin Rusiyanın media bazarındakı nüfuzunu nəzərə alaraq ümidvarıq ki, EastWestStream Rusiyada da öz dəyərli yerini alacaq”.

Onun sözlərinə görə, simvolikdir ki, bugünkü təqdimat mərasimi 22 iyul - Milli Mətbuat Günü ərəfəsində keçirilir: “Xatırlatmaq istərdim ki, bu yaxınlarda biz digər böyük layihə - Türk dunyasının ilk rəqəmsal media platforması – “Turkic World” portalını təqdim etdik. Qısa zaman ərzində layihəyə türkdilli ölkələrin nüfuzlu media resursları qoşulub və qoşulmaqdadırlar. Hesab edirəm ki, “Turkic World” və “EastWestStream” kimi ambisiyalı layihələrin reallaşdırılması milli mediamızın inkişaf səviyyəsinin təzahürüdür. Bütün media nümayəndələrini peşə bayramımız münasibətilə təbrik edirəm. Hamımıza gələcək işlərdə uğurlar arzu edirəm və əminəm ki, birgə əməkdaşlıq çərçivəsində yeni nailiyyətlərə imza atacağıq”.