“Yeni Müsavat”ı hakimiyyətə işləməkdə günahlandıranların...”

yeni-musavati-hakimiyyete-islemekde-gunahlandiranlarin-
Oxunma sayı: 4234


“Cəmil Həsənli mən zəng edən vaxt qəbiristanlıqda olub, amma sonra mənə zəng aça, görüşə, danışa bilərdi. Cəmil Həsənli o məsələləri bizə irad tutur ki, onlar əslində bizim işimiz, fəaliyyətimizdir”. “Qafqazinfo” xəbər verir ki, bunu APA-nın verdiyi suallara cavabında  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu söyləyib.

Qeyd edək ki, Milli Şuranın sədri C. Həsənli mətbuata son açıqlamasında bir daha “Yeni Müsavat” qəzetinin Milli Şuraya münasibətdə dağıdıcılıq funksiyası yerinə yetirdiyini bəyan edib. O, Rauf Arifoğlunun zənginə haqsız olduğu üçün cavab vermədiyi barədə baş redaktorun söylədiklərinə də toxunub. C. Həsənli həmin vaxt qəbiristanlıqda dəfndə olduğunu, cavab verməyə imkanı olanda isə ona qarşı baş redaktorun yazısının artıq qəzetin saytında qoyulduğunu, nəyisə izah etməyin elə bir mənasının qalmadığını bildirib. C. Həsənli onu da əlavə edib ki, Milli Şuranı Rusiyanın layihəsi hesab edənlərin məhz özləri Azərbaycan hakimiyyətinin layihələridir, kimin hansı çeşmədən su içdiyini yaxşı bilirlər. 

R.  Arifoğlu isə deyib ki, indi də C. Həsənlini dinləməyə hazırdırlar: “Bizim Cəmil Həsənliyə münasibətimiz dəyişməyib, onun açıqlamasının bir fraqmentinə münasibət bildirmişik. Cəmil Həsənliyə sayğımız qalır. O, təşəbbüs göstərmədi, inşallah, qismət olsa, biz təşəbbüs göstərib, onunla görüşərik. Gözləyirdik ki, təşəbbüsü o göstərəcək, tərəfləri, didişənləri, çəkişənləri, ittiham edənləri sakitləşdirməyə çalışacaq. Amma özü bu prosesə qoşulduğu üçün gərək artıq təşəbbüs biz tərəfdən gəlsin. Münasib bildiyimiz vaxtda Cəmil Həsənliyə yenə zəng edəcəyik. Yas yerində, yaxud başqa bir yerdə olmasa, yəqin, bu dəfə zəngimizə cavab verər”.

Baş redaktor vurğulayıb ki, Müsavat Partiyasını, bu partiyanın üzvlərini, “Yeni Müsavat” qəzetini Azərbaycan hakimiyyətinə işləməkdə günahlandıranların özləri qısa müddət öncəyə, 1-2 il əvvələ qədər hakimiyyətin xidmətində olanlardır: “Mənim üçün maraqlıdır ki, onlar hansı mexanizmlə özlərini haqlı çıxarırlar? Onların bəzilərinin çıxışları, videoları, iqtidar haqqında tərifləri, eyni zamanda müxalifət haqqında söyüşləri, təhqirləri yayılır. Bizim tərcümeyi-halımızda isə hakimiyyətə münasibətdə bir cümlə belə  tərif, şit mədhiyyələr yoxdur. Bu sözlər birbaşa Rüstəm İbrahimbəyov və bizi hakimiyyətə işləməkdə suçlayan digərlərinə aiddir. Cəmil Həsənliyə də təklif edərdim ki, bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın”.

R. Arifoğlu musavat.com-a deyib ki, onu suçlayanların böyük əksəriyyəti mövcud iqtidarın xidmətində və setində olanlardır: "Hətta prezidentin vəkilləri olmuş və müxalifətə qarşı savaş verən fiqurlar, iqtidara kitab yazanalar, mən türmədə yatanda məni və Müsavat Partiyasını Avropa təşkilatlarında "ekstremist" adlandıranlar indi gəlib bizə müxalifətçilik dərsi keçirlər . Heyrətə gəlirəm. Nə Fəxri Xiyabanda baş əydiyimiz yerdə şəklimiz var, nə iqtidara xidmətimiz, nə də bir cümlə tərifimiz. Bizi nədə suçlayırlar? Mən bu düşərgənin uğrunda iki dəfə türmədə yatmışam, hər şeyimi risqə qoymuşam; indi məni suçlayanlar o zaman da məni söyürdülər. Bir fərq var ki, o zaman onlar bu iqtidarı öyürdülər. Siyasi həyatımda heç zaman "ziq-zaq"lar olmayıb. Cəmi bir təşkilatım, bir liderim, bir yolum olub. 25 ildir özümün yaratdığım iş yerində işləyirəm. Həyatları "ziq-zaq"lardan, təzadlardan ibarət olanların mənə irad bildirməyə haqqı yoxdur".