Orfoqrafiya lüğətinin əvvəlki nəşri 2004-cü ildə işıq üzü görüb. Həmin lüğətdə 80 minə yaxın söz var.
Yeni lüğəti də Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Lüğət “Şərq-Qərb” Nəşriyyat Evində çap olunub. Yeni orfoqrafiya lüğətində 110 mindən çox söz var. Bu lüğətə ilk dəfə olaraq coğrafi adlar, şəxs adları, təşkilat adları, habelə pul vahidlərinin adları və şərti işarələri də daxil edilib.
Bəs yeni orfoqrafiya lüğətini necə əldə etmək olar?
“Qafqazinfo”nun məlumatına görə, Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva “Media forum” sayına deyib ki, yeni lüğətin tirajının taleyindən, kimə, necə təhvil verilməsindən xəbərsizdirlər. Direktor müavini qeyd edib ki, “Şərq-Qərb” Nəşriyyat Evindən Dilçilik İnstitutuna yeni lüğətdən yalnız iki nüsxə verilib: “Bir nüsxə direktora, bir nüsxə də mənə təqdim edilib. Başqa nüsxələrdən xəbərimiz yoxdur. Hətta o kitabdan institutumuzun lüğəti hazırlamış mütəxəssislərinə də verilməyib.
Bu lüğət prezidentin sərəncamı ilə nəşr olunduğu üçün satışa buraxılmır. Belə qaydada nəşr edilən kitablar yalnız pulsuz paylanır, təhsil müəssisələrinə, kitabxanalara verilir, satışa icazə yoxdur. Amma o biri yandan başqa təşkilatların, ayrı-ayrı vətəndaşların bu lüğətə ehtiyacı olur, orfoqrafiya lüğəti hər bir şəxsin stolüstü kitabı sayılır. Ona görə də hazırda Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev bu ehtiyacları nəzərə alaraq Prezident Administrasiyası ilə danışıqlar aparır. Tofiq müəllim administrasiyaya məktub hazırlayır. O, məktubunda xahiş edəcək ki, lüğətin yeni nəşrinin satışa çıxarılma yolu ilə və ya hansısa başqa formada cəmiyyətin bütün təbəqələrinə yayılmasına şərait yaradılsın.
Yəqin ki, yuxarı təşkilatlar bu kitabın geniş yayılması üçün addımlar atacaq. Bir halda ki, kitaba böyük ehtiyac var, niyə də satılmasın, onun üzərində kifayət qədər zəhmət çəkilib. Ola bilsin, satılmasa da, bir mərkəzə verilər, müraciət edib həmin mərkəzdən əldə etmək olar”.
“Şərq-Qərb” Nəşrlər Evindən “Media forum”a bildiriblər ki, onlar sifarişi yerinə yetirərək məhsulu Milli Elmlər Akademiyasına təhvil veriblər: “Kitabın nüsxələrinin hansı qaydada, necə paylanacağı haqda məlumatlı deyilik. Biz yalnız sifarişi yerinə yetiririk”.
Milli Elmlər Akademiyasının mətbuat katibi Səid Hüseynov “Media forum”a deyib ki, onlara orfoqrafiya lüğəti verilməyib, bu haqda məlumatlı deyillər.
Son xəbərlər
Son Xəbərlər