Yeni publik hüquqi şəxs yaradılır - Fərman

yeni-publik-huquqi-sexs-yaradilir
Oxunma sayı: 9838

Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, Fərmanda deyilir:

“1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Mərkəzin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.2.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. iki ay müddətində:

4.2.1. Mərkəzin nizamnaməsini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Mərkəzin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün”.