Yeni Qarabağ müharibəsi iki tarixi faktla yaddaşlarda qalacaq

yeni-qarabag-muharibesi-iki-tarixi-faktla-yaddaslarda-qalacaq
Oxunma sayı: 4687

Son günlər cəmiyyətimizdə intensiv olaraq Azərbaycanla işğalçı Ermənistan arasında yeni müharibənin başlayacağı, hər iki tərəfin bu prosesə ciddi şəkildə hazırlaşmaları barədə fikirlər səslənməkdədir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni müharibənin baş verəcəyi nə dərəcədə realdır? Müharibəyə başlamaq üçün münaqişə tərəflərinin mövcud vəziyyətləri əslində hansı mənzərəni əks etdirir? Əgər müharibə variantı realdırsa, münaqişənin həlli ilə bağlı müharibə variantını gündəmə gətirən amillər hansılardır və hazırkı şərtlərdə müharibənin baş verəcəyi təqdirdə bu proses hansı tərəfin xeyrinə yekunlaşa bilər?

Bildiyimiz kimi, artıq 30 ilə yaxın bir müddət ərzində davam edən münaqişənin real olaraq iki həll variantı vardır: danışıqlar və ya müharibə yolu. Hər iki variantda işğala və soyqırıma məruz qalan ölkəmiz nəticə olaraq yalnız torpaqlarımızın qaytarılması yolu ilə ərazi bütövlüyümüzün təmin olunmasında maraqlıdır. Məhz indiki məqamda münaqişənin danışıqlar vasitəsilə deyil, müharibə yolu ilə həllini zəruri edən bir sıra amillər vardır ki, bunlar da Azərbaycan və Ermənistana münasibətdə fərqli xarakterə malikdirlər.

Bu gün real mənzərə ondan ibarətdir ki, həm haqq mübarizəsini aparan Azərbaycan, həm də işğal, terror və soyqırımı siyasəti yürüdən Ermənistan ilk dəfə olaraq fərqli niyyətlərlə də olsa, hansısa mövzuda eyni mövqeni - müharibə etmək mövqeyini nümayiş etdirirlər. Bəs danışıqlar prosesini mümkün qədər uzatmağı, münaqişə ilə bağlı “status-kvo”nu saxlamağı üstün tutan və Azərbaycanla açıq müharibədən hər vəchlə yayınan Ermənistan necə oldu ki, danışıqlar prosesindən imtina edib vəziyyətin müharibə səviyyəsinə gəlib çıxmasına səbəb oldu?

İlk öncə, nəzərə almaq lazımdır ki, bütün danışıqlar müddəti boyu Ermənistan tərəfinin davranışı və fəaliyyəti sülh danışıqlarının ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edib. Ancaq son zamanlar, işğalçı dövlətin yeni cinayətkar rəhbərliyinin səyləri nəticəsində bu ziddiyyətə açıq şəkildə həm danışıqların məzmununa, həm də, beynəlxalq hüququn prinsiplərinə kobud şəkildə hörmətsizlik də əvəz olunub. Hakimiyyəti qanunsuz zəbt etmiş Ermənistan rəhbərliyinin siyasi səriştəsizliyi, dövlət idarəçiliyi və diplomatiya sahəsində qeyri peşəkarlığı və ümumilikdə qanunsuz fəaliyyəti nəticəsində işğalçı dövlət, ümumilikdə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin onsuz da heç bir nəticə verməyən fəaliyyətini də, tam əhəmiyyətsizləşdirmiş oldu.

Bundan başqa, ağır pandemiya şəraiti onsuz da ciddi iqtisadi və sosial tənəzzül prosesində olan Ermənistanı, daha da çətin duruma saldığından, bu dövlətin rəhbərliyi diqqətləri yayındırmaq üçün müxtəlif qanunsuz yollara əl atmaqdadır. Atəşkəs rejiminin müntəzəm olaraq pozulması, Tovuz istiqamətindəki iyul təxribatları və daha sonra xarici ölkələrdə soydaşlarımıza qarşı vəhşiliklərlə müşayiət olunan növbəti təxribatların hamısı bu siyasətin tərkib hissəsidir. İşğalçı dövlətin və onun xidmətçilərinin rolunun şişirdilməsinə səbəb olsa da, düşünürəm ki, ötən ay Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda erməni izi görünməkdədir. Diqqət etmək lazımdır ki, bir tərəfdən mahiyyəti və məzmunu işğalçılıq, terrorçuluq və soyqırım xarakterli olan Ermənistan rəhbərliyi istənilən an başlaya biləcək müharibə üçün orduya canlı qüvvə belə toplaya bilmir. Çünki Qarabağ müharibəsini özününkü hesab etməyən Ermənistan vətəndaşları müharibədə iştirak etməmək üçün, hərbi xidmətdən açıq şəkildə yayınır və valideynlər isə övladlarını hərbiyə göndərməkdən imtina edirlər. Ancaq Livandan erməni əsilli ailələri işğal olunmuş Azərbaycan ərazilərinə köçürərək, orada qanunsuz olaraq məskunlaşdırma siyasətini yürüdən Ermənistan rəhbərliyinin bunu öncədən planlaşdırdığı indi məlum olur.

Bu məsələdə digər əhəmiyyətli məqam isə, Paşinyan hakimiyyətinin ona heç bir etimadı olmayan Ermənistan ordusuna etibar etməməsi ilə bağlıdır. Məhz, bu səbəbdən də, orduya kifayət qədər pul ayırmayaraq əvəzində həm ölkədəki, həm də ayrı-ayrı ölkələrdən işğal olunmuş torpaqlarımıza köçürülən mülki şəxslərdən, əslində özünün hakimiyyətini qorumaq üçün yaratdığı döyüşçüləri, həm də baş verə biləcək müharibədə istifadə etmək niyyətindədir. Rəsmi olaraq qeydiyyata alınmayan həmin şəxsləri istifadə etməklə o, həm də, döyüşlər zamanı rəsmi itkilərin də azalmasına nail olacağını düşünür.

Ermənistan hakimiyyətinin yuxusuna haram qatan məqamlardan biri də, ərazi və digər iddialar irəli sürdükləri Türkiyənin həm regionda, həm də, dünyada sürətlə güclənən mövqeyi ilə bağlıdır. Azərbaycanla ən yüksək səviyyədə isti münasibətlərdə olan Türkiyə dövlətini özləri üçün daim təhlükə hesab edən Ermənistan rəhbərliyi, özünün müttəfiqlərini, xüsusilə də Rusiyanı “Türkiyə kartı”ndan istifadə etməklə mümkün qədər bu prosesə cəlb etməyə çalışır. Bütün digər dövlətlər kimi Ermənistandan həmişə xəyanət görməsinə və dövlətimizlə çoxspektrli müttəfiqliyinin olmasına rəğmən, Rusiya müstəqil siyasət yürüdən Azərbaycan və Avropa yönümlü xətt seçən Gürcüstandan sonra Cənubi Qafqazda yeganə ümid yeri kimi forpostu olan Ermənistanı əldən buraxmaq istəmir. Bu səbəbdən də, fərqli baxış bucağından yanaşılmasına baxmayaraq hazırkı məqamda Rusiya ilə Ermənistan bu məsələdə eyni fikirdən çıxış edirlər. Hazırda Rusiya tərəfinin Ermənistanın Gümrü rayonunda yerləşən 102 saylı hərbi bazası ilə yanaşı, işğalçı dövlətin ərazilərində digər istiqamətlərdə də silahlar yerləşdirməsi ilə bağlı yayılan məlumatlar heç bir əsaslı dəlillə təkzib olunmur. Düşünürəm ki, bu məsələdə əsas məqsəd həm də, ATƏT-in Minsk qrupunun üzvlərindən olan Türkiyənin hazırkı situasiyada açıq şəkildə Azərbaycanın haqlı mövqeyinə dəstək verməsidir və bu üsulla Rusiya baş verə biləcək müharibədə əyani olaraq iştirak edə bilməyəcəyini belə kompensasiya etmək fikrindədir.

Müharibə məsələsində Azərbaycan tərəfinə gəlincə isə, onu qeyd etmək lazımdır ki, dövlətimiz və onun rəhbərliyi uzun illər ərzində sülh danışıqlarının aparılmasına baxmayaraq heç vaxt müharibə variantını istisna eməyib. Azərbaycan Prezidenti də, müntəzəm olaraq həm ölkə daxilində, həm də, xaricdə iştirak etdiyi mötəbər tədbirlərdə dövlətimizin öz torpaqlarını azad etmək və ərazi bütövlüyünü təmin etmək üçün istənilən an müharibə variantına müraciət edə biləcəyini dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfinin son dövrlər açıq şəkildə ikili oynamasına, danışıqlar prosesinə heç bir dəyər verməməsinə və ən təəssüfdoğurucu məqam kimi beynəlxalq aləmlə yanaşı, bu münaqişənin həlli ilə bağlı bilavasitə məsuliyyəti üstlənmiş ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin bu davranışa səssiz qalmasına sərt şəkildə etirazını bildirdi. Ölkə başçısı həm də, münaqişənin sülh yolu ilə həlli prosesinin qeyri-müəyyən müddətə davam edə bilməyəcəyini, danışıqlar variantının artıq heç bir nəticə vermədiyini və həmsədrlərin fəaliyyətsiz olduğunu bildirdi. Bu məlum çıxışdan sonra həm işğalıçı dövlətin rəhbərliyi, həm də onların havadarları ciddi narahatlıq keçirməyə başladılar. Azərbaycan tərəfinin səbrinin tükəndiyini, istənilən an müharibə variantına əl atacağının reallığını hiss edən Ermənistan hakimiyyəti yenə də sahiblərinin arxasında gizlənməyə çalışır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışlarının birində Ermənistan dövlətinə xitab edərək, onları bizimlə təkbətək döyüşə səslədi. Çünki, torpaqlarımızı işğal edən Ermənistan dövlətinin həmişə Azərbaycanla təkbətək müharibə aparmaqdan yayındığını və ona hamilik edəcək kiməsə sığınacağını hamımız yaxşı bilirik. Bu gün yenə də, eyni vəziyyətin təkrarlanmaması üçün, Azərbaycan dövlətinin ən yaxın müttəfiqi olan Türkiyəni cərəyan edən proseslərə daxil etməsi, əslində bəzilərinin dediyi kimi, onu müharibəyə cəlb etmək yox, işğalçı tərəfi himayə edən bəzi güclərin, o cümlədən də Rusiyanın neytrallaşdırılmasına hesablanmışdır.

Növbəti Qarabağ müharibəsinin başlayacağı halda, ölkəmiz üçün ən önəmli məsələlərdən biri də, ölkədaxili vəziyyətin müharibəyə hazırlanması, düşmənlərimizə qarşı paralel olaraq informasiya cəbhəsində də əzmlə mübarizə aparmaq və xüsusilə də bu cür məqamlarda aktivləşən təxribatçı qüvvələrin deaktiv edilməsi olacaqdır. Zənnimcə, belə bir həssas dönəmdə kütləvi qanun pozuntusuna səbəb ola biləcək istənilən hüquqazidd addım, hətta inzibati xəta belə təxribat hesab olunmalı, ciddi şəkildə araşdırılmalı və onu törədənlər barədə ən ağır şəkildə məsuliyyət tədbirləri görülməlidir. Çünki həm ağır pandemiya, həm də müharibə şəraitində olan ölkədə diqqətləri yayındıra və ölkədəki daxili stabilliyi poza biləcək istənilən hərəkət ölkəmizə qarşı ikinci cəbhənin yaradılmasına xidmət edəcəkdir. Təsadüfi deyil ki, düşmənlərimiz tərəfindən bir müddət öncə baş verən təxribatlarla bağlı xalqımıza müraciət edən Birinci vitse-prezident, məhz bu mühüm məqama da toxunmuşdu. Həmin müraciətdə düşmənlərimizə və onlarla eyni məqsədə xidmət edən təxribatçılara qarşı hər an bütün cəbhələrdə, həm döyüş meydanında silah vasitəsilə və həm də informasiya meydanında kompüter vasitəsilə mübarizəyə hazır olmağımız tövsiyə olunurdu.

Düşünürəm ki, hər an başlana biləcək kənar müdaxilələrin olmayacağı müharibə, Ali Baş Komandanın rəhbərliyi ilə, qarşı tərəfin ordusundan qat-qat güclü olan mətin və əzmli ordumuzun qəhrəmanlığı sayəsində, işğala və terrora məruz qalmış dövlətimizin möhtəşəm qələbəsi ilə bitəcəkdir! Ancaq o da gün kimi məlumdur ki, növbəti Qarabağ müharibəsi həm də, iki tarixi faktla yaddaşlara həkk olunacaq. Bu tarixi faktlardan biri, cinayətkar Paşinyan hakimiyyətinin sonu, digəri isə fəaliyyətsizliyi ilə həmin müharibəni labüd etmiş ATƏT-in Minsk qrupunun iflası olacaq!

Politoloq Xəyal Bəşirov