Metropoliten bir qrup jurnalisti Gürcüstanın Kabuletti şəhərinə aparıb ki, peşə bayramı ərəfəsində dincəlib, rahatlaşsınlar. Tağı Əhmədovun sələfinin birdən-birə jurnalistlər üçün səxavət kisəsini açması boşuna deyil. Çünki Tağı Əhmədovun “vurulması”nda mətbuatın rolu danılmazdır. Buna görə də yeni rəis Zaur Hüseynov işə başlamamış “kəmərləri” bərkidir.
Məsələ burasındadır ki, bu piar üsulu ölkədə fəaliyyət göstərən bir necə şirkət tərəfindən həyata keçirilib. “Azercell” də ötən ilə qədər redaktorları Antalyaya aparırdı. Vaxtilə “Barmek” də jurnalistləri Nabrana dincəlməyə aparırdı. Metropolitenin mətbuat xidmətinin rəhbərliyi də zamanında bu şirkətdə çalışdığından indi eyni üsulu təkrarlamaqla məşğuldur. Amma burda bir xırda nüans var ki, yeni rəis onu unutmaqla, bu ideyaya pul xərcləməklə özü üçün pis vəziyyət yaradıb.
Bu nüans da ondan ibarətdir ki, “Barmek” özəl şirkət idi və dövlət büdcəsindən maliyyələşmirdi. Şirkət sahibi də özü bilər, şəxsi pulunu necə xərcləyir. Metropoliten isə dövlətdən maliyyələşən qurumdur və hələ indi özəlləşdirilməyə çıxarılır. Bu da o deməkdir ki, cənab Hüseynov camaatın vergisi hesabına bir yığın müftəxor jurnalisti dincəldir. Halbuki o jurnalistlərin çalışdığı media orqanlarının hamısı “çirkli pullar”la maliyyələşir, hansısa məmurun cibindədir. Yəni onsuz da dolayı yolla da olsa xalqın pulunu yeyir. İndi bu adamlara təkrar xərc çəkmək nəyə və kimə lazımdı? Yoxsa bu da dövlətin siyasətidir, nisbətən balaca qurumlara tapşırılıb ki, jurnalistin olan-qalan səsini siz kəsin? Digər tərəfdən, əgər ölkədə turizm hakimiyyətin dediyi kimi belə bəh-bəhlə inkişaf edirsə, onda niyə bu məmurlar pulu başqa ölkələrə yönəldirlər? Olmazmı elə dövlətdən oğurladıqlarını dövlətə də xərcləsinlər?
Olmaz. Çünki 3 gün Nabrana xərclənəcək pulla 1 həftə Kabulettidə kef çəkmək olar. Qara dənizin sahilində dincəlib qayıdan jurnalist də ona bu həyatı yaşadan qurumdakı əyri-əskikliyi görməz.
Amma deyəsən Metropoliten rəhbərliyi seçimində də bir balaca səhvə yol verib. Unudub ki, seçdiyi məkan başqa ölkəyə məxsusdur və orada hər millətin nümayəndəsi ola bilər. Üstəlik, Kabuletti ermənilərin daha sıx olduğu ərazilərdən biridir.
Gərək Zaur Hüseynov nəzərə alaydı ki, ömründə bir dəfə erməni həmkarı ilə üzbəüz dayanıb Qarabağ problemini müzakirə etməyən, onların bəhanələrinə arqumentlərlə cavab yazmaq bacarığında olmayan jurnalist əlbəttə, gedib Kabulettidə dolma, mahnı davası edəcək.
Zaur Hüseynov bilməliydi ki, dövlət hesabına dincəlməyi, əylənməyi özünə yaraşdıran jurnalistin davası da belə xırda, ucuz olar...
Son xəbərlər
Son Xəbərlər