Hələ 15 il əvvəl vətəndaşların tibbi sığortası məsələsi barədə danışılanda hərə bir avaz söyləyirdi. Başda Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli olmaqla bu işdə xeyir-bərəkətin olmasından söhbət açırdı. Hadı müəllimlə 2000-ci ildəki müsahibəmdəm belə çıxırdı ki, indi hamımızın canı salamat və sığortalı olmalıydı. Bu gün Hadı müəllimin varidatının nə qədər artdığını bilmirəm, özü heç dəyişməyib, sözü-söhbəti, vəzifəsinin də rəngi dəyişməyib. Amma üstündən illər keçməsinə baxmayaraq, əhalinin çox cüzi hissəsi tibbi sığorta imkanlarından istifadə edir. Bu aparıcı yerli və xarici şirkət əməkdaşlarından başqaları deyil.
Bir də sığorda cibini pul eşən zumrə üçün də problemə çevrilməyib. Bir az başı ağrıdı, pulunu verib istədiyi ölkədə canının qeydinə qala bilər.
Səhiyyə Nazirliyi işini “aktivləşdirir”. Bir neçə aydır, Bakının rayonlarının eləcə də, bölgələrin camaatı pulsuz müayinəyə cəlb olunur. Bunu ən çox “Aztv” ekranlarında pafosla hazırlanmış süjetlərdən görmək olar. Həkimlər “Aztv” kamerası qarşısında elə çalışırlar, müraciət edən xəstələrlə elə mehriban davranırlar ki, adam deyir, kaş bu kameradan 100-lərlə olardı.
Bir də günlərdir, “icbari tibbi sığorta” məsələsi müzakirəyə çevrilib. Belə çıxır gördülər ki, bu millət könüllü canını sığorta etdirən deyil, başladılar icbari sığortaya. Yəni, artıq hər kəs işlədiyi yerdə məcburi şəkildə sığortalanacaq, bir az sadə desəm, pulundan müəyyən qədər hər ay tutulacaq. İl ərzində istədiyi vaxt sığortalı şəxs kimi pulsuz müayinə və müalicə ediləcək. Ümid etmək olar ki, vətəndaş tutulan pulunun acığına bəlkə vaxtında həkimə müraciət edə. Söhbət 2015-ci ilin “qabiliyyət”indən gedir. Növbəti ildən kim qazanacaq, kim itirəcək? Məncə, bu icbari tibbi sığorta məsələsi heç də sevilməyimizdən irəli gələn məsələ deyil. Deyirlər güya, icbari tibbi sığorta haqqı hər
vətəndaş üçün illik 100 manatı aşmayacaq. Həkimlərimiz elə həvəslə işləyəcəklər ki, xəstələr əllərindən öpəcəklər. Nə xəstə tibb işçisindən şikayət edəcək, nə də həkimin gözü xəstə cibində qalacaq. O qədər maraqlı nağıldı ki, adamın xəstələnməyi gəlir.
Mən nə tibbi, nə də sığorta üzrə ekspertəm. Fikrimcə, vətəndaşı icbari tibbi sığortaya cəlb etməzdən qabaq çözülməsi vacib olan məsələləri aşmaq tələb olunur.
Birincisi, Nazirimiz Oktay Şirəliyev cənablarını vətəndaşla üzbəüz, qarşı-qarşıya oturtmaq lazımdır. Çünki illərdir narazılıqları, insanların, elə səhiyyə işçilərinin dərdi, sərinı hər yerdən eşitmək, oxumaq olar. Nazirliyin “qulağı”ndakı tixacı açandan sonra həkimlərin layiqli olanından danışmaq lazımdır. Nazirlik elə bir “ələk” yaratmalıdır ki, Hippokratın atasına rəhmət və göruna söydürənləri aşkara çıxarsın. Səhiyyə sistemində işə düzəlmək üçün verilən rüşvət, qohumbazlığın kökünü kəsmək vacibdir.
Poliklinikalarda “pulsuz xidmət” adı altında pul tələb edənləri, pulsuz salam verməyən həkimlərin dərdinin nə olduğu öyrənilməlidir. Tək dərdi maasının azlığıdırsa, bu məsələ həll edilməlidir. Ölkənin dərman bazarındakı monopoliyanın tifaqını dağıtmaq birinci məsələ olmalıdır. Və nəhayət illərdir, çoxunun yatmağa gəldiyi yerdə-Milli Məclisdə “Pasiyentlərin hüquqları haqqında” Qanun cəsarətlə müzakirə olunmalı, qəbul edilməlidir. Bu qanun tibbi sığorta məsələsi ilə paralel izlənməlidir. Həkimlərin “cəzasızlığına” son verilməlidir. Bir sözlə, yaralı səhiyyəmiz sağalmalıdır ki, başqa məsələdən həvəslə danışa bilək. Deyəsən, indiki səhiyyəmizin “şəkəri” var, yarası sağalandan deyil. Bəlkə, yeni “səhiyyə sistemi” doğulmalıdır?
Sığortadan söz düşmüşkən, Səhiyyə Nazirimizin sığortası da varmı? Vəzifə sığortasını deyirəm. Bu zamanda hər şeydən qabaq budur axı..