Yeni Zelandiyada evləri isitmək üçün vulkandan istifadə edəcəklər

yeni-zelandiyada-evleri-isitmek-ucun-vulkandan-istifade-edecekler
Oxunma sayı: 1023

Yeni Zelandiyada elm adamları təxminən 11 milyon il əvvəl sönmüş Dunedin vulkanının daxili təbəqələrində qalan istilikdən evləri isitmək üçün istifadə etməyi planlaşdırırlar.

“Qafqazinfo” “New Zealand Herald” nəşrinə istinadən xəbər verir ki, Dunedin şəhərində yerləşən Otaqo Universitetinin geologiya mütəxəssisləri vulkanın içərisində mövcud istilikdən bir geotermal enerji mənbəyi əldə edilsə, karbon əsaslı yanacaq istehlakı və istixana qazı tullantılarının azaldıla biləcəyini bildiriblər.

Yeni Zelandiya Biznes, İnnovasiya və Məşğulluq Nazirliyinə təhvil veriləcək layihəyə görə, vulkanın iki fərqli bölgəsində 500 metr dərinliyində kəşfiyyat quyusu qazılacaq.

Sözügedən quyuların bərkimiş maqma qatının altındakı çöküntüyə nəzarət etmək və orada istiliyi analiz etmək üçün qazılacağı bildirilib.

Analizdən müsbət nəticə alınarsa, həmin əraziyə su vurulacaq və orada qızdırılan su evlərin istiləşməsində istfadə olunacaq.

Layihədə iştirak edən alimlərdən biri Mayk Palin nazirliyin qiymətləndirməsinin növbəti ilin mart ayına qədər tamamlanacağı və lazım gələrsə, araşdırmanın daha da inkişaf etdirilməsinin tələb olunacağını qeyd edib.

“Yanacaq xərclərindəki azalmalar birbaşa iqtisadi faydaya çevriləcək”,-deyə Palin qeyd edib.