“Yerə uzanıb “ay öldüm”, “vay öldüm” niyə deyirsən?”

yere-uzanib-ay-oldum-vay-oldum-niye-deyirsen
Oxunma sayı: 668

- Azərbaycan millisinin uğursuz çıxışları barədə nə deyə bilərsən?
- Vallah, bu Berti Foqts ya ömründə qələbə qazanmayıb, ya da qələbənin adını eşidən kimi həyəcanlanır. Bu, nə məsələdir, başa düşmək olmur. 1:0 öndəsən, niyə belə tez müdafiəyə keçirsən? Uşaqlar da pis oynamırdı. Məşqçisiz oynasaydıq, normal nəticə qazanardıq. Hesab edirəm ki, onları 5:1 hesabı ilə udmalıydıq. 50-55-ci dəqiqədən sonra müdafiəyə niyə keçirsən? Oyundan sonra da deyir ki, futbol tanrısı 1 xalı onlara bağışladı. Futbol tanrısının qadasını alım. O, neynəsin? Rəqibə bir xalı sən verdin. Vallahi, bizim uşaqlar sürünürdü. Bu güləşdir, ya futbol? Uzanırlar yerə, vaxt öldürürlər.

- Millimizdə nə çatışmırdı? Bir azarkeş kimi nə görmədin?
- Millimizdə taktika çatışmır. Müdafiə olunmaq arxaya çəkilməklə olmur ki. Elə ən gözəl müdafiə hücumdur. Fikir verdinizsə, bir az hücum edəndə rəqib geri çəkilirdi. Bir az cəhd edən kimi onlar da ehtiyat edirdi və bizdən çəkinməyə başlayırdı. Heç olmasa topu özünüzdə saxlayın. Yerə uzanıb "ay öldüm", "vay öldüm" niyə deyirsən? O hərəkətləri 80-ci dəqiqədən sonra edərlər. 50-ci dəqiqə gedir, görürsən ki, biri orada, biri burada uzanıb. Adam xəcalət çəkir, vallah. Guya oyun 1:0 hesablı qələbəmizlə qurtarsa, nə olacaqdı ki? Belə də qələbə olar? Guya belə oyunla qalib gəlsək, mən durub tərifləyəcəkdim. Futboldan normal başı çıxan anlayar ki, bu, oyun oynamaq deyil. Oynayın da. Komandanı oynat, ay Berti Foqts. Bu oyunla guya o bizi DÇ-2014-ün final mərhələsinə, Braziliyaya aparacaq, vallah, heç Ağsuya da apara bilməz.

- Milli komandamızın futbolçuları haqqında nə deyə bilərsən? Ümumiyyətlə, milliyə yeni qoşulan türk oyunçular, Əli Gökdəmir, Cihan Özkara nəsə edə bilirlər?
- Onu bir-iki oyunla dəqiq demək olmaz. Amma Əli boyuna və korpusuna görə Azərbaycan standartlarının üstündədir. Bizdə əsasən balaca boylu futbolçular olur. Amma Əli uzun boyludur və hava toplarında hardasa nəsə edə bilir. Normal da oyun göstərir. Neçə oyundur oynayır və elə bir kobud səhvi olmayıb ki, durub onu qınayaq. Cihan da hücümdadır. O da ki, Rauf səviyyəsində. Bəlkə də ondan bir-iki pillə aşağı oynayır. Bir məsələ də maraqlıdır ki, Foqts 3 hücumçunu, yəni Vüqarı, Cihanı və Raufu oynadırsa, deməli hücuma meyilli oyun olmalıdır. Müdafiə oyunu oynayacaqsansa, bunları çıxar, əvəzinə müdafiəçi burax. Bu məşqçi nə etmək istəyir, çox maraqlıdır.

- Bu gedişlə millimizi qrupda neçənci yerdə görürsən?
- Mən millimizi həmişə zirvədə görmək istəmişəm və istəyirəm də. Necə ki, “Neftçi” bizi sevindirdi, millidən də elə nailiyyətlər gözləyirik. Düzdür, birinci dəfə qruplara çıxan komanda üçün bu, normal haldır. Yaxşı da oynadılar. Mübariz oyun göstərdilər. Bir “İnter”ə böyük hesabla uduzdular. “İnter”Iə də, hamı bilir ki, nədir. Azərbaycan millisi də hansısa çempionata getsin, eybi yoxdur, orada axırıncı yeri tutsun. Amma bu şəkildə yox. Bu qrupda ən azında 3-cü yeri tutmalıdır. Amma deyəsən belə nəticələr üçün hələ çox gözləməli olacağıq. Ay qardaş, niyə sürünürsən? Oyna da. Gördün, sonda da hakim 6 dəqiqə əlavə elədi. Heç olmasa yıxılmağı peşəkarlıqla edin də. Ona görə də haqq öz yerini tapdı və qolu da elə əlavə olunmuş dəqiqədə vurdular. Sən Portuqaliya ilə oynamırsan ki, sürünəsən. Rəqibin də sənin kimi bir komandadır. Elə tanınmış, dünya ulduzu olan futbolçuları da yoxdur ki, çəkinəsən. Dünən hirsimdən saat üçə-dördə kimi yata bilməmişəm. Bunu udsaydılar, növbəti oyuna da ruh yüksəkliyi ilə çıxardıar. Bu taktika ilə 5 xal yığa bilsələr, böyük şeydir. Yenə deyirəm, qorxaq futbol oynayırlar. Vallah, baxanda adamın əti tökülür. Dizləri əsə-əsə oynayırlar. Görmüşük ki, 1:0 öndə keçən komanda rahat oynayar.

Bunları "mandraj" tutub, məşqçi də bunlardan pis "mandraj"dadı. Nə bilim, qardaş, danışılası dərd deyil. Allah bizi sevindirsin, inşallah.