"Yerində tarix" adlı ekotur iştirakçıları Gəncə şəhərinin Hacıkənd qəsəbəsinə səfər ediblər.
"Qafqazinfo" xəbər verir ki, layihə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, "Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.
Ekoturda iştirak edən 140 nəfərə yaxın fəal gənc qəsəbədəki tarixi abidələrlə yaxından tanış olublar.
Ekotur iştirakçıları Gəncənin Hacıkənd qəsəbəsində yerləşən XIX əsrin yadigarı olan 4 tarixi abidə - Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus pravoslav kilsəsi ilə yaxından tanış olublar.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ekotur iştirakçılarına məlumat verib ki, şəhərin 19 kilometrliyində yerləşən, saf iqlimi, bulaq suları, zəngin meşələri ilə bütün Qafqazda şöhrət qazanmış Hacıkənd gəncəlilərin əsas yaylaq yerlərindəndir. Göygöl-Hacıkənd bölgəsinin səfalı təbiətinə bələd olanlar bu yerlərə böyük həvəslə gəlirlər. Hazırda Hacıkənd qəsəbəsinin abadlaşması, tarixi binalarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Ərazidə yeni park salınır, turizmin inkişafı məqsədi ilə otel kompleksi inşa olunur.
Ekotur iştirakçısı olan gənclər vurğulayıblar ki, tarixi abidələrlə tanışlıq onların Gəncə ilə bağlı biliklərini daha da zənginləşdirib.


Son xəbərlər
Son Xəbərlər