“Yetenek Sizsiniz”ə qatılan iştirakçımıza aeroportda qadağa qoyuldu

yetenek-sizsinize-qatilan-istirakcimiza-aeroportda-qadaga-qoyuldu
Oxunma sayı: 4949

Türkiyənin məşhur “Yetenek Sizsiniz” müsabiqəsinə qatılan azərbaycanlı sehrbaz Rasim İsgəndərli hava limanında yaşadığı problemlə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, münsiflər heyəti Rasimin performansını bəyənsə də, nələrinsə əksik olduğunu bildirib. Bu zaman həmyerlimiz əslində şousunun bu olmadığını, göyərçinlərin Azərbaycanın hava limanından buraxılmadığını bildirib:

“Hazırladığım proqram 5-6 göyərçinlə idi. Qadağan olduğunu deyərək gömrükdən buraxmadılar”.

Bu əsnada münsif Ali Taran “deməli, oradan göyərçin alıb gəlsək, qoymayacaqlar”-deyə zarafat edib.

Sehrbaz münsiflər heyətindən aldığı 1 hə, 2 yox cavabı ilə müsabiqədə iştirakını dayandırıb.

***

Bu məqamda “Qafqazinfo” ev heyvanlarının hava nəqliyyatı ilə daşınması qaydalarını sizə təqdim edir:
Azərbaycan Hava Yolları ilə ev heyvanlarının (quşların) daşınması qeydiyyatdan keçmiş baqaj kimi təyyarənin baqaj bölməsində və ya təyyarə salonunda həyata keçirilir.

Bunun üçün:
Reysin uçma vaxtına 24 saat qalmışdan gec olmayaraq ev heyvanlarının daşınması barədə daşıyıcıya və ya onun səlahiyyətli agentinə məlumat verilməlidir;

Aviabiletin qeydiyyatı zamanı sərnişin ev heyvanının (quşun) sağlamlığını təsdiq edən sənədləri, habelə uçub keçmə və ya tranzit ölkələrinin tələb etdikləri digər sənədləri təqdim etməlidir;

Ev heyvanı (quş) hava daxil olan, möhkəm kilidli, bərk konteynerdə (taxta, plastik) və ya metal qəfəsdə yerləşdirilməlidir. Bir konteynerə (qəfəsə) hər birinin çəkisi 14 kq-dan artıq olmayan 2 heyvan yerləşdirilə bilər. Böyük çəkili heyvanlar ayrı-ayrı konteynerlərdə (qəfəslərdə) daşınmalıdır;

Quşlar üçün qəfəslər işıq keçirməyən qalın parça ilə örtülməlidir;

Ev heyvanlarının təyyarə salonunda daşına bilməsi üçün konteynerin (qəfəsin) heyvanla birlikdə çəkisi 5 kq-dan artıq olmamalı, konteynerin (qəfəsin) ölçüləri (uzunluq/hündürlük/en) 115 sm-i keçməməlidir;

Uçuş zamanı konteyner (qəfəs) təyyarə salonunda sərnişindən öndəki oturacağın altında yerləşdirilməlidir. Konteynerin (qəfəsin) ehtiyat çıxışlarda, keçidlərdə, baqaj rəflərində yerləşdirilməsi qadağandır.

Heyvanların daşınmasına görə haqq normadan artıq baqaj üçün müəyyən edilmiş tarif üzrə ödənilir. Görmə qabiliyyəti olmayan sərnişinləri müşayiət edən bələdçi itlər təyyarə salonunda pulsuz və qəfəssiz daşınır. Bu itlərin müvafiq təlim keçməsi barədə sertifikat təqdim edilməli, həmin itlərdə xalta və ağızlıq olmalı, onlar sahiblərinin ayaqlarının yanında oturacağa bağlanmalıdırlar.

Günel Hacı