“Yetimin ayrıca şəhəri yoxdur...”

yetimin-ayrica-seheri-yoxdur
Oxunma sayı: 1104


SƏNİN BAXIŞLARIN HEÇ OXUNMAYIB

Qara gözlərini qoy vərəqləyim,

Bilim ki qəlbinə əl toxunmayıb.

Qopub səhifəsi neçə kitabın,

Sənin baxışların heç oxunmayıb.


Gör alın yazımda neçə səhv gedib,

İlahi vaxt tapıb kaş yoxlayaydın.

O qızın adını ora yazmağa,

Barı beş həriflik yer saxlayaydın.


Məni bir körpə tək yenidən yarat,

Bu köhnə ömrümün ilini dəyiş.

Dünyada belə bir əlifba yoxdur,

Gəl alın yazımın dilini dəyiş.


SOLDU ÜRƏYİMDƏ BU PAYIZ HAMI

Arzular dağıldı küçə boyunca,

Asdım ümidimi bir qız telindən.

Nə sevə bilmədim onu doyunca,

Nə ölə bilmədim onun əlindən.


Soldu ürəyimdə bu payız hamı,

Məndən yarpaq-yarpaq adamlar düşür.

İlik görüş yerimiz,o uçuq damda,

İndi yuva qurub quslar görüşür.


Ağac da qurudu fikir çəkməkdən,

Ayaq izimizi yollar unutdu.

Oturub şəklinlə danişiram mən,

Gözlərim yağışdı, qəlbim bulutdu.


VƏTƏN

Bu gün hamı səndən danışdı Laçın,

Sən köhnə dillərə təkrarsan, Vətən.

Bitdi sərhəddində dəmir tikanlar,

Qarşımda bir sədsən, divarsan, Vətən.


Adammı ağladı, buludmu doldu,

Bu ömür yolu da nə uzun yoldu,

Yerdən göy üzü də əl çatan oldu,

Sən bizdən başqa cür kənarsan, Vətən.


Dünya tüstülənir kirkirəsindən,

Bezmişəm vətəndə ev kirəsindən,

Adını sildilər yer kürəsindən,

Bircə xəritədə sən varsan, Vətən.


TABUT

O dünyanın evlərinin,

Otaqları birdi atam.

Orda heç kəsi axtarma,

Getdiyin qəbirdi atam.


Yaşayıb çatdın ölümə,

Ölüm ömrün davamıdır.

Tanrı qoymaz darıxasan,

Tanrı təkin adamıdır.


Saatı çəkdim geriyə,

Günlər sənə qayıtmadı.

Unutduğun adamlar da,

Varlığını unutmadı.


Bəlkə də heç ölməmisən,

Ayaq üstə ölən bizik.

Sən yerində dayanmısan,

Sənə doğru gələn bizik.


Bu kirayə ev-eşiyin,

Qapısın bağlayıb getdin.

Ömrü sürüb son mənzilə,

Vaxtı da saxlayıb getdin.


Yurdsuzların boyu demə,

Bir ovuc torpaq qədərmiş.

Ürəyi dağ olanların,

Cismi də uşaq qədərmiş.


Bircə Allaha borcluydun,

Daha borcun da qalmadı.

Canı tapşırdın Allaha,

Vaxtını çox da almadı.


Sən də...sən də... sümüyəcən,

Qəbirdə sınıxacaqsan.

Keçə bilsən imtahandan,

Aydınlığa çıxacaqsan.


Qəlbinin süqut günüdür,

Durmusan sükut içində.

Tanrı laylanı çalacaq,

Getdiyin tabut içində.


İÇİMDƏN HƏR ŞEYİ OĞURLAYIBLAR

Doğulur Bakıda, ölür Bakıda,

Yetimin ayrıca şəhəri yoxdur.

İçimdən hər şeyi oğurlayıblar,

Neyniyim qəlbimin çəpəri yoxdur.


Bu evdən Allahın öz xəbəri var,

Yerin də göy boyda bil kədəri var,

Bütün gecələrin bir səhəri var,

Bizim gecələrin səhəri yoxdur.


Ömrü bir yuxu tək yozum qalmışıq,

Qələmdən kağıza sızıb qalmışıq,

Bir evin içində azıb qalmışıq,

Heç kimin, heç kimdən xəbəri yoxdur.


ÖYRƏNƏ BİLMƏDİM BİR QIZ DİLİNİ

Dilini öyrəndim bütün dillərin,

Öyrəndim qış dili, payız dilini,

Əzbərə çevirib ömrün illərin,

Öyrəndim təkliyin yalnız dilini.


Mən nəmli gözlərdə yaş dili bildim,

Daş olan ürəkdə daş dili bildim.

Adam dili bildim, quş dili bildim,

Qələmdən öyrəndim kağız dilini.


Göylərlə danışdım yağış dilində,

Zirvəylə danışdım yoxuş dilində,

Özgəylə danışdım tanış dilində,

Öyrənə bilmədim bir qız dilini.


Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.