Ailə Məcəlləsi
Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları
57.1. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.
57.2. Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, onların uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın (analığın) müəyyən edilməsində müstəqil hərəkət edə bilərlər. 16 yaşı tamam olmayan valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin oluna bilər.
57.3. Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
57.4. Yetkinlik yaşına çatmayan valideynlər öz uşaqlarına münasibətdə atalığı və analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) dair mübahisə açmaq, habelə 14 yaşına çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər.
Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri
58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər.
58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.
58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
Son xəbərlər
Son Xəbərlər