Forumun cəlbediciliyini artıran əsas məqamlardan biri şübhəsiz ki, Butros Qali, Henri Kissincer, Abdulla Gül, Aleksandr Kvasniyevski kimi siyasi nəhənglərin tədbirə qatılmasıdır. Lakin bu, forumun əhəmiyyətini artıran faktlardan yalnız biridir. Burada diqqəti daha çox cəlb edən əsas məqam ondan ibarətdir ki, forumda müzakirə olunan mövzular müasir beynəlxalq münasibətlər sisteminin prioritetləri hesab oluna biləcək problemlərdir. Azərbaycan dünyaya bu forumla əslində çox unikal bir mesaj vermiş olur: Biz bütün problemləri müzakirə etməyə nəinki hazırıq, hətta belə müzakirələrin təşkilində maraqlıyıq. Nəzərə almaq lazımdır ki, forumda təmsil olunan ölkələr beynəlxalq münasibətlər sisteminin ən fəal aktorları kimi çoxdan özlərini təsdiq ediblər. Deməli, bu forum Azərbaycanın regionda gücünü və cəlbediciliyini təsdiqləyən daha bir fakt kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, Azərbaycan regionda özünü qlobal porblemlərə ən həssas bir dövlət kimi təqdim edir. Bu baxımdan, III Qlobal Bakı Forumu Azərbaycanın son illərdə beynəlxalq aləmdə əldə etdiyi uğurların səbəbsiz və ya əsassız olmadığının göstəricisidir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt ölkəni regionda ən fəal siyasi oyunçulardan birinə çevirib. Təbii ki, burada Azərbaycanın zəngin enerji ehtiyatlarının strateji əhəmiyyətinin rolu danılmazdır. Lakin onu da nəzərə almaq vacibdir ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi dövründə çoxşaxəli inkişaf konsepsiyasının vacib elementi kimi uğurla həyata keçirildi. Nəticədə Azərbaycan öz enerji ehtiyatlarından səmərəli istifadə edərək yüksək iqtisadi inkişaf tempinə nail olmaqla yanaşı, regionda öz geosiyasi mövqelərini daha da möhkəmləndirə bildi. Bu isə ölkənin qarşısında yeni imkanlar açır. III Qlobal Bakı Forumu bu imkanların inkişaf etdirilməsi və Azərbaycanın qlobal müstəvidə özünü təsdiqi istiqamətində atılmış növbəti addımdır.
Artıq üçüncü ildir ki, keçirilən bu forumun Azərbaycan üçün kifayət qədər faydalı olduğunu təsdiqləyən daha bir fakt isə bəzi siyasi dairələrin rəsmi Bakının bu təşəbbüsündən keçirdiyi narahatlıqdır. Azərbaycanın regionun lider dövləti olaraq bu cür qlobal təşəbbüslərlə çıxış etməsi müxtəlif səbəblərdən bu dominantlığı qəbul etməyən dövlətllər və ya təşkilatlarda qıcıq yaratmaya bilməz. Bu narahatlığı indiki halda birbaşa ifadə etmək isə ən azı diplomatik etiketə zidd olardı. Çünki, forum faktiki olaraq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu baxımdan, rəsmi Bakının manevr imkanları da kifayət qədər genişdir və hər hansı ölkə və ya beynəlxalq təşkilatın bu forumun tərkibinə, eləcə də gündəliyinə dair narazılıq bildirməsi üçün əsas yoxdur.
Forum kifayət qədər geniş bir coğrafiyanı əhatə edir. 70-dən çox ölkə ən tanınmış siyasətçilərin şəxsində bu forumda təmsil olunacaq. Bu faktın özü foruma dünyanın ən aparıcı siyasi aktorlarının olduqca ciddi əhəmiyyət verdiyini təsdiqləyir. Bu dolayısıyla həm də Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dünyada ciddi maraqla qarşılandığını göstərir. Azərbaycan dünyaya özünü tamamilə yeni bir statusda və yeni bir obrazda təqdim edir. Görünür Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məqamı təsadüfən xüsusi olaraq vurğulamır: "Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir".
Göründüyü kimi, Azərbaycan bu foruma ən yüksək səviyyədə ciddi əhəmiyyət verir. Bu əlbəttə ki, forumun ölkə üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. III Qlobal Bakı Forumu qlobal problemlərin əhatəsində sıxılan müasir dünya üçün yeni nəfəslik axtarışıdır. Bu baxımdan, BMT-nin keçmiş Baş katibi Butros Qali bu forum haqqında fikirləri diqqətəlayiqdir: " Beynəlxalq dünya düzənində etimadı necə yaratmaq olar? Hal-hazırda bu suala mənim yalnız bir cavabım var- yeni beynəlxalq təşkilatın yaradılması. Bir anlıq deyə bilərəm ki, texnoloji inqilab yeni mexanizm ixtira edənədək yeni beynəlxalq təşkilat bizə dünya siyasətində əsas oyunçuları idarə etməyə imkan verəcək".
Ötən illərin təcrübəsi göstərir ki, bu forum dünyanın ən gərgin məsələlərinin müzakirəsinə şərait yaradan yeni bir imkandır. Hazırki qlobal xarakterli problemlərin həlli üçün bu cür müzakirələrə olduqca ciddi ehtiyac var. Məlum olduğu kimi, dünyada oxşar məqsədli təşəbbüslərin sayı son illərdə artmaqdadır. III Qlobal Bakı Forumu isə tamamilə yeni və fərqli bir təşəbbüsdür, həm də təkcə formatına və ideya məzmununa görə deyil, əhatə etdiyi coğrafiyaya və keçirildiyi məkana görə.