Yevlaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi - Video + Fotolar

yevlaxda-sehidlere-hesr-edilmis-kitabin-teqdimati-kecirildi
Oxunma sayı: 1330

Vətən müharibəsində Yevlax rayonundan şəhid olanlara həsr edilən “Zəfər fədailəri” kitabının təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüblər. Daha sonra tədbir Heydər Əliyev Sarayında davam etdirilib. Dövlət himninin səslənməsindən sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin edib və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq.

“Rayonumuzdan Vətən müharibəsində şəhid olmuş 65 nəfər hər birimiz üçün böyük itkidir. Amma əsas odur ki, onların qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi. Sizin, bizim, bütün xalqın intiqamı alındı. 65 igidimizin ruhu bu gün çox rahatdır. Bu da başda sizlər olmaqla, hamımızın ən böyük təskinliyidir.

Bir qədər sonra bir illiyi qeyd ediləcək Vətən savaşında Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çağırışı ilə sakinlərimiz Vətən uğrunda səfərbər oldu. Qarabağ uğrunda zəfər yolu keçdilər. Bu müharibədə 65 igidimiz şəhadətə yüksəldi, 193 nəfər isə yaralandı.

Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Gələcək nəsillərinin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktların timsalında çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız “Zəfər fədailəri. Yevlax Şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb”.

Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, millət vəkili İlham Məmmədov və Vətən müharibəsi qazisi Orxan Hüseynov çıxış ediblər.