Maraq doğuran başqa məsələ bu tipli hadisələrə hüquqi qiymət verilməsindəki məlumatsızlıqdır. Hətta bəziləri elə düşünür ki, operativ nəqliyyat vasitələri ilə nə istəsən edə bilərsən və s. Amma məsələ bu dərəcədə bəsit deyil. Belə hallar hüququn da “yadından çıxmayıb”.
Operativ nəqliyyat vasitələrinin anlayışı, onların üstün keçid hüququnun mahiyyəti, bu hüquqdan istifadənin şərtləri, habelə yol hərəkətinin digər iştirakçılarının üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermək vəzifəsi və bunun qaydası “Yol hərəkəti haqqında” Qanunda aydın şəkildə əksini tapıb. Operativ nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarından kənara çıxa bilməsi mütləq mənada başa düşülə bilməz. Bu nəqliyyat vasitələrinin sürücüləri üstün keçid hüququndan istifadənin aşağıdakı şərtlərinin hamısına birmənalı olaraq riayət etməlidirlər.
Şərtlər bunlardır:
1. Həmin nəqliyyat vasitələrinin yalnız xüsusi tapşırığın yerinə yetirilməsi ilə bağlı hərəkətdə olması zamanı üstünlük hüququndan istifadə oluna bilər. Xidməti zərurət yoxdursa, heç bir üstünlükdən söhbət gedə bilməz;
2. Onların xüsusi işıq və səs siqnalları qoşulmuş olmalıdır. Başqa hərəkət iştirakçılarının diqqətini cəlb etmək üçün bu siqnalların hər ikisi qoşulmadan qaydalardan kənara çıxmaq çox təhlükəlidir və buna yol verilə bilməz;
3. Operativ nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarından kənara bunun zəruri olduğu həddə (dərəcədə) çıxmalıdır (məsələn, ümumi sürət rejimindən artıq sürətlə hərəkət etsə də, sürət həddini konkret vəziyyət üçün zəruri olan dərəcədə aşmalıdır, ehtiyac olmadan əks istiqamətli hərəkət zolaqlarına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrini təhlükəli manevrlərə məcbur etməməlidir və s.). Pozulmasına zərurət olmayan qaydalardan kənara çıxıla bilməz;
4. Həmin nəqliyyat vasitələrinin sürücüləri onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Əgər kimsə onlara yol vermirsə (və ya yol verə bilmirsə), bu, heç bir halda onları taran etmək hüququ yaratmır. Belə halda ya onların yol verməsini gözləmək, ya da başqa varianta əl atmaq lazımdır. Düzdür, digər yol hərəkəti iştirakçıları operativ nəqliyyat vasitələrinə yol verməyə borcludurlar və bunu etmədikdə məsuliyyət daşıyırlar. Lakin hərəkət iştirakçısının yol verməməklə etdiyi hüquq pozuntusu operativ nəqliyyat vasitəsi sürücüsünü təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Əgər operativ nəqliyyat vasitəsinin sürücüsü son zərurət vəziyyətində hərəkət edərək başqasına ziyan vurarsa, belə hallarda onun əməlinə hüquqi qiymət vermək üçün son zərurət vəziyyətinin müvafiq olaraq inzibati, mülki və cinayət hüququnda nəzərdə tutulan şərtləri əsas götürüləcəkdir;
5. Ən başlıca şərt budur ki, operativ nəqliyyat vasitələrinin sürücüləri üstünlük hüququndan istifadə edərkən, o cümlədən hərəkət qaydalarının tələblərindən kənara çıxarkən yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. Sonuncu şərt operativ nəqliyyat vasitəsi sürücüsünün başqalarının təhlükəsizliyini nəzərə almadan və ona yol verildiyinə əmin olmadan qaydalardan kənara çıxan hərəkətlərə yol verərək başqa hərəkət iştirakçılarına fiziki və ya maddi ziyan vurduqda hüquqi məsuliyyətdən (inzibati, cinayət və mülki məsuliyyətdən) azad olmadığını ifadə edir.
Göstərilən şərtlərə riayət etməklə hərəkət edən operativ nəqliyyat vasitəsi yolun istənilən yerində və yol hərəkətinin istənilən iştirakçısına (digər nəqliyyat vasitələrinin, o cümlədən velosipedin, mopedin və ya at arabasının sürücüsünə, piyadaya və s.) münasibətdə üstünlüyə malikdir və nizamlayıcı polisin siqnalları istisna olmaqla, yol hərəkətinin istənilən qaydasından kənara çıxa bilər.
Ərşad Hüseynov