Tədbirdə çıxış edən "Jurnalistika və İnkişaf Mərkəzi"nin və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, yol polisi-sürücü münasibətlərində son vaxtlar yaşanan gərginlik hər kəsi narahat edir: «Təəssüflər olsun ki, yol polislərinə qarşı cinayət xarakterli əməllər törədənlərin əksəriyyəti keçmişdə məhkumluq həyatı yaşyanlardır. Bəziləri isə cinayətə meylli şəxslərdir. Bəziləri polisə qarşı aqressiv münasibət göstərməyi özünə fəxr bilir. Lakin bu, heç də doğru yanaşma deyil. Biz polisin nöqsanlarından dəfələrlə yazmızıq, ictimailəşdirmişik. Lakin polisin fəaliyyətinə ləkə yaxmağın əleyhinəyik. Tənqid etmək, nöqsanları göstərmək başqadır, ləkə yaxmaq başqa. Biz tənqid edirik və nöqsanları göstəririk. Yaxşı haldır ki, bəzən göstərilən nöqsanlar aradan qaldırılır. Ümumiyyətlə, biz bu sahə ilə yaxından maraqlanırıq və təhlillər aparırıq. Biz heç vaxt polisi, xüsusən də, yol polisini sürücülərin qarşısında aciz görmək istəmirik. Polis hər bir situasiyaya hazırlıqlı olmalıdır».
«Digesta» hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov deyib ki, yol hərəkəti ən aktual məsələlərdən biridir: «Yol hərəkəti təhlükəsizliyi sadə iş deyil. Bu, cəmiyyətdə hər bir insandan asılıdır. Bununla bağlı məsələlərə münasibətlər dəyişməlidir. Hazırda yol hərəkəti strategiyası hazırlanır, başa çatdıqdan sonra müəyyən işlər qaydasına düşəcək».
Deputat Rafael Cəbrayılov deyib ki, Azərbaycanda polis-vətəndaş münasibəti ilə bağlı vəziyyət normaldır: “Azərbaycanda polis tərəfindən vətəndaşın öldürülməsi faktı yoxdur. Bizə demokratiya dərsi keçmək istəyənlər buna diqqət etməlidir. Düzdür, Azərbaycanda bəzi çatışmazlıqlar var, bunu da aradan qaldırmaq lazımdır. Azərbaycanda polisin fəaliyyəti ideal olmasa da, digər dövlət qurumlarının fəaliyyətinə nisbətən daha düzgün və şəffafdır”.
Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər təcrübəli polislər var, amma işinin öhdəsindən gələ bilməyən polislərin olduğu da qeyd edilməlidir: “Polis-vətəndaş münasibətlərini tənzimləmək üçün maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis üçün də çətin olacaq”.
Deputat Çingiz Qənizadə isə çıxışında deyib ki, Azərbaycan polisinin müsbət və mənfi cəhətləri var: “Polislər çox işləyirlər, ona görə də onlar yüksək əmək haqqı almalıdır. Biz ailə üzvlərimizlə istirahət məkanlarında gəzə biliriksə, buna görə polislərə təşəkkür etmək lazımdır. Amma polis fəaliyyətinə kölgə salmaq istəyənlər var. İş varsa, nöqsanlar da olmalıdır. Bugünki Azərbaycan polisi daha sivildir”.
Deputat Fuad Muradov isə Azərbaycanda polisin fəaliyyətinin yüksək səviyyədə olduğunu, vətəndaş-polis münasibətləri ilə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, başqa ölkələrdəki kimi, Azərbaycanda da polislər vətəndaşlarla kobud, sərt davranmır: «Biz yol polislərini qardaş kimi görürük, bu cür davranırıq. Onların əməyini qiymətləndirmək həmişə lazımdır».
Millət vəkili Elmira Axundova da polisin zəhmətindən danışıb və xüsusən də, yol polisi əməkdaşlarının ağır şəraitdə işlədiyini deyib: «Polislər bizim dostlarımızdır. Onlar olmasa, yollarda sürücülər daha ağır əməllər törədərlər. Lakin mən xarici ölkələrdə olanda görürəm ki, küçədə polislər az-az görünür. Çünki bütün qayda pozuntuları xüsusi texniki vasitələrin köməyi ilə çəkilir və sürücülər cərimə olunur. Bunu bizdə də etsələr, polislər sürücülərlə az ünsiyyətdə olarlar ki, onda da xoşagəlməz hallar baş verməz»
Sonda Bakı Şəhər Yol Polisi İdarəsinin 2014-cü il ərzində xidmətdə fərqlənmiş 14 əməkdaşı xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmin şəxslər bunlardır:
polis baş leytenantı Mərdan Əliyev ,
mayor İlqar İbrahimov
kapitan Namiq Mustafayev
baş çavuş Rauf Bağıyev
baş çavuş Ruslan Həsənov
baş leytenant Bəbir Rzayev
leytenant Murad Vəliyev
kapitan Mövlayev Natiq
baş çavuş Kəmaləddin Qədimov
baş çavuş İlkin Quliyev
çavuş Ramin Mustafayev
leytenant Süleyman Süleymanov
çavuş Rafiq İsgəndərov
baş çavuş Davud Şərəfxanov.
Həmçinin, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanova yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işindəki xüsusi fəallığa görə diplom mükafata layiq görülüb.