“Yolumuzu gözləyən Qarabağ” adlı tədbir keçirilib

“Yolumuzu gözləyən Qarabağ” adlı tədbir keçirilib
Oxunma sayı: 772

Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib. Tədbirdən öncə muzeyin rəhbərliyi və əməkdaşları Müqəddəs Şəhidlər Xiyabanında uyuyan Qarabağ uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edərək dərin hörmət və ehtiram nümayiş etdiriblər.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda “Anadan” adlı tamaşa nümayiş olunub. Tamaşanın leytmotivi Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasının taleyindən bəhs edir.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, tədbirdə təqdim olunan, bir-birindən maraqlı çıxışları birləşdirən ümumi leytmotiv əslən azərbaycanlı, Amerika vətəndaşı Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasıdır. Bu xalça uzun illər erməni işğalçılarının əlində olmuş və Vətənə qayıtmış ilk xalça nümunəsidir.“Qarabağ movzusu hamımızın yaralı yeridir, buna görə də yaradıcı insanlar, sənət adamları bu mövzuya dönə-dönə qayıdırlar. Dövlət Pantomima Teatrı ilə əməkdaşlığımız nəticəsində “Anadan” adlı tamaşa ərsəyə gəldi. Tamaşa məhz həmin “Bağçada güllər” xalçasının taleyindən bəhs edir. Xalçanın taleyi burada kədərli və çox təsiredici formada sanki ilmə-ilmə açıldı. Bütün bu nümunələr bir daha onu göstərir ki, muzeyin kolleksiyası yaradıcı insanlara təkan verərək onları öz axtarışlarında yeni-yeni yollara sövq edir” – deyə muzeyin direktoru sözlərinə əlavə edib.

Tədbirin bədii hissəsində Qarabağ mövzusunda şeirlər, Şuşaya həsr olunmuş mahnılar ifa edilib.

Tədbirdə, həmçinin modelyer Səidə Əlizadənin “Anadan” geyim kolleksiyasının nümayişi olub. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi