Yumurtadan “pul” qırxanlar...

yumurtadan-pul-qirxanlar
Oxunma sayı: 1731

Dünya Sakit

Rəhmətlik nənəm acgöz, həris birisindən danışanda həmişə “yumurtadan yun qırxandı” deyərdi. Bu sözü nənəm məcazi mənada işlədirdi. Amma bu gün bizim sahibkarlarımız, sözün həqiqi mənasında yumurtadan yun - yəni pul qırxırlar...

Ötən ilin sentyabrında – Nazirlər Kabinetinin yumurta idxalına əlavə rüsumlar tətbiq etmək qərarından 2 həftə əvvəldən ölkədə yumurtanın qiyməti kəskin bahalaşdı – 1 ədədi 15-16 qəpiyə yüksəldi. Onda hamı bahalaşmanın səbəbi barədə baş sındırırdı. Nazirlər Kabinetinin qərarı açıqlanandan sonra məlum oldu ki, hansısa xəbər “göyərçinləri” quşçu sahibkarlara (eləcə də bir sıra başqalarına) xəbər uçurdub qərarla bağlı. Onlar da idxalı kəskin məhdudlaşdıracaq qərardan əvvəl qiyməti qaldırdılar ki, idxal sıfıra düşəndə də bir qədər üstünə qoyub, 2-3 qat qazanc götürsünlər. Elə də etdilər – oktyabrda qərar qüvvəyə minəndən dərhal sonra yumurtanın qiyməti 19-20 qəpiyə qalxdı.

Bir neçə həftə öncə isə qiymətlər 12-13 qəpiyə düşdü. Yüz faiz əmin ola bilərsiniz ki, bu ucuzlaşma sahibkarların kəndi qərarı deyildi. Toyuq saxlamış olan hamı bilir ki, fevral-aprel ayları toyuqların bol yumurta verən vaxıdır. Bol yumurtanı isə camaatın güzəranının xeyli pisləşdiyi indiki zamanda 19-20 qəpiyə satmaq mümkün deyil. Bu üzdən də quşçular məcburən qiyməti endirdilər ki, məhsulları qalıb zay olmasın. Bir neçə gün əvvəl mağazadan yumurta alarkən tanış satıcı “bu, 13 qəpiyə axırıncı partiyadır, yumurta bahalaşacaq” dedi. Səbəbini bilsəm də, yenə onun izahını öyrənmək üçün soruşdum. Təəccüblə “səbəbi məlumdur ki... bayram gəlir, paxlava-şəkərbura, şirniyyatlar bişiriləcək, tələbat artacaq”. Daha sonra da əlavə etdi ki, “yəni qiyməti biz qaldırmırıq haa, “optoviklər” qaldırır. Onlar da neynəsinlər(?!), havalar istilənəndən sonra yumurtanı alan olmur, bazar ölür, bayramdan istifadə edirlər”...

Tam əminliklə demək olar ki, yumurtanın son bahalaşmasının heç bir iqtisadi əsası yoxdur: dünyanın əksər taxıl istehsalçıları, o cümlədən bizim taxıl aldığımız Rusiya və Qazaxıstanda ötən mövsüm gözləniləndən xeyli yüksək məhsul əldə olunub. Bu bolluq dünya bazarında taxıl və taxıl məhsullarının qiymətinin aşağı düşməsi ilə nəticələnib. Üstəlik, son ayyarımda Azərbaycanda dolların məzənnəsi, məsələn, dekabra nisbətən aşağı olub. Bu o deməkdir ki, quşçular yalandan “idxal etdiyimiz quş yemi bahalaşıb”, yaxud “dollar bahalaşıb” deyə şivən qoparmasınlar.

Bayram ərəfəsində quşçularımız yumurtadan “pul” qırxarkən, onların digər həmkarları da boş dayanmırlar. Məlumdur ki, əlavə rüsum tətbiqi ilə fındığın idxalının qarşısı alınıb – bu sahənin sahibkarları Novruz bayramının əsas çərəzlərindən biri olan fındığın ləpəsini 20-30 manata, idxalçılarımız qoz ləpəsini 23-37 manata, hətta bəzi növ qoz ləpələrini 45 manata satmaqla quşçular qədər kəmfürəstlik edirlər. Halbuki fındığın kiloqramını avqustda əhalidən 5-6 manata yığıblar. Qozun qabıqsızının kilosunu 2,5-3 dollara, qabıqlısını isə 1,5-2 dollara idxal ediblər. Fərqə diqqət etdikdə, idxalçı sahibkarlarımızın daha amansız, daha qəddar olduqlarını açıq görmək olur.

Bayram ərəfəsində builki bahalaşma insana daha çox təsir edir: axı sahibkarlar da xalqın imkanlarının hədsiz məhdudlaşmasından, gəlirlərinin azalmasından xəbərdardırlar. Qiymətləri qaldırarkən heçmi düşünmürlər ki, əvvəlki illərə nisbətən bu il qat-qat çox sayda insanın o məhsullardan bayram süfrəsinə qoymaq imkanı olmayacaq, dəfələrlə çox sayda uşağın gözü süfrədə qalacaq...