Yunanıstanda qapalı qaçqın düşərgəsi yaradıldı

yunanistanda-qapali-qacqin-dusergesi-yaradildi
Oxunma sayı: 874

Yunanıstanın Samos adasında üç min nəfərə qədər tutumu olan yeni qapalı qaçqın düşərgəsi fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, düşərgə tikanlı məftillərlə əhatə olunub və digər yaşayış məntəqələrindən beş kilometr aralıda yerləşir.

Yardım təşkilatları Avropa İttifaqının vəsaiti hesabına inşa edilən obyekti tənqid ediblər.

Düşərgənin açılışında danışan Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Notis Mitarakis bildirib ki, vətəndaşlara vəd etdiyi kimi hökumət miqrasiya məsələsinə diqqətlə yanaşır.

N.Mitarakisin sözlərinə görə, yeni düşərgədə sakinlər təhlükəsiz şəraitdə yaşayacaqlar. Nazir Yunanıstanın artıq Aİ-yə qanunsuz miqrasiya üçün qapı olmadığını bir daha vurğulayıb.

O qeyd edib ki, iki il əvvəl Samosa 10 min 500 nəfər miqrant gəlibsə, bu il bunların sayı yalnız 111 nəfərdir. Yunan mətbuatının yazdığına görə, yeni düşərgə sakinlərinə hər gün 8-20 saat arasında düşərgədən çıxmalarına icazə veriləcək.

Bu qayda sığınacaq müraciətləri rədd edilmiş və Aİ ilə Ankara arasındakı razılaşmaya görə yenidən Türkiyəyə göndərilməli olanlara şamil edilmir.

“Sərhədsiz həkimlər” humanitar təşkilatı yeni düşərgəni tənqid edib və bəyanat yayıb. "Hərbi tikanlı məftillərlə əhatə olunmuş və müşahidə sistemləri ilə təchiz edilmiş bir obyektin inşasına milyonlarla avro xərclənib. Bütün bunlar yeganə cinayəti kömək və sabitlik axtarmaq olan adamları tutmaq üçündür. Biz yalnız xəstələrin bu düşərgədə sağ qalması ilə yardım edə bilərik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Samos adası çıxış nəzarəti olan qapalı düşərgəyə sahib ilk yunan adasıdır. Digər oxşar obyektlərin Lesbos və Xios adalarında da inşa edilməsi gözlənilir.