YUNESKO fransız futbolçu ilə bağlı bəyanat yaydı

yunesko-fransiz-futbolcu-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 1720

Fransanın idman naziri Lora Flessel və YUNESKO təşkilatının baş direktoru Odri Azula “Yuventus”un futbolçusu Blez Matuidinin rasizmə məruz qalmasını pisləyib.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, hər iki məmur idmanda irqçilik hallarının yaşanmasına qarşı bəyanatla çıxış edib:

““Yuventus” və Fransa milli komandasının futbolçusu Blez Matuidinin rasizmə məruz qalmasını ən sərt şəkildə pisləyirik. İdman xalqlar arasında tolerantlıq nümunəsi olmalıdır. Nifrət, ayrı-seçkilik nümayiş etdirməyə bəraət yoxdur. Heç kim rasist doğulmur, sonradan belə olur. Milyonlar tərəfindən izlənilən idman və futbol yarışları hörmət və qarşılıqlı anlaşmanı öyrətməlidir. Siyasət və idman xadimlərini irqçiliyə qarşı kəskin mövqe tutmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, YUNESKO və “Yuventus” 2014-cü ildən rasizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edir.

Xatırladaq ki, Matuidi “Kalyari” ilə oyundan (1:0) sonra sosial şəbəkədəki hesabından Sardiniyada rasizmə məruz qaldığını açıqlamışdı.