“Qafqazinfo” xəbər verir ki, Vətəninfo.az saytına müraciət edən Xəyyam Pənahov bildirib ki, 2002-ci ildə Naxçıvan MR-da yerləşən Heydər Əliyev adına Hərbi liseyə qəbul olunub və 2005-ci ildə Hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub.“2009-cu ildə AHM-i leytenant rütbəsi ilə bitirdim. Leytenant kimi 2009-2010-cu illərdə TTM-də dinləyici zabit kursunu keçdikdən sonra, 2010-cu ildə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başladım.2010-cu ildən 2012-ci ilədək həmin hərbi hissədə xidmət edən zaman, üz nahiyəmdən zəbə aldım. Mən “üz sinirin nevriti”ni keçirdim. Müdafiə Nazirliyinin Gəncə şəhərindəki hərbi hissəsinin hospitalında müalicə edildikdən sonra, xidmət etdiyim hərbi hissəyə qayıtdım. 1 ay keçdikdən sonra, sol böyrəyimdə ağrılar başladı və müayinə üçün Ağdam rayon Sarıcalılar qəsəbəsində yerləşən Sarıcalı hospitalına müraciət etdim. Həkimlərin müayinəsindən sonra yenidən Gəncə şəhərindəki hospitala göndərildim. Hospitalda 1 ay müalicə olundum və müalicəm başa çatdıqdan sonra xidmət etdiyim hərbi hissəyə qayıtdım. Böyrəyimdə yenidən ağrılar baş qaldırdıqda HH-nin komandirinə müraciət etdim və Bakı şəhərində yerləşən Hərbi Hospitala müayinə üçün göndərildim”.
Xəyyam Pənahov bildirir ki, hospitalda bütün müayinələri keçdikdən sonra, həkimlərin təyin etdikləri qərar bu oldu ki, sol və sağ böyrəyi anadangəlmə qüsurlu olub:
“Həkimlərin söylədilər ki, bu xəstəliyin müalicəsi mümkünsüzdür. Bundan sonra mən hərbiyə yararsız hesab edilərək hərbi qulluqdan azad edildim. Hələ də zabit kimi əlillik dərəcəsi ala bilmirəm. Yaşayış yerim Naxçıvan MR-sı Kəngərli rayon Qıvraq qəsəbəsi olduğundan Bakıda hərbi hospitalın təyin etdiyi xəstəlik üzrə Naxçıvan MR-da həkim komissiyasından keçərək əlillik dərəcəsinin təyin olunmasını istədim. Ancaq 2012-ci ildən indiyə kimi mən keçmiş zabit kimi əlillik dərəcəsini ala bilmirəm. Dəfələrlə Naxçıvan MR-sı əmək və əhalinin sosial müdafiəsi nazirinin qəbulunda olmuşam. Əlilliyin təyin edilməsi ilə bağlı həkim komissiyasının sədrinin qəbulunda olarkən o, mənə bildirib ki, Bakıdakı hərbi hospitalın təyin etdiyi xəstəliyə görə mənə əlillik dərəcəsi təyin edə bilməzlər.
Cənab Ali Baş Komandan İlham Əliyev cənabları, hörmətli nazir Zakir Həsənov, mən eyni zamanda dəfələrlə general –leytenant Çingiz Məmmədovun da qəbulunda olmuşam, Çox təəssüflər olsun ki, bu günə kimi hara müraciət etdimsə, mənim dərdimə əlac edən tapılmadı. Çarəsizlikdən, sizlərə üz tuturam”. Xəyyam Pənahovun sözlərinə görə, o həm oxuduğu illərdə dəfələrlə həkim komissiyasından keçib və səhhətində hər hansı bir xəstəlik aşkar olunmadığı kimi, böyrəklərində də hər hansı bir nöqsan aşkarlanmayıb:
“Əgər doğrudan da mənim anadangəlmə böyrəklərimdə xəstəlik olmuş olsaydı, o zaman mən hələ Naxçıvan MR-da yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olan zaman həkim komissiyasından keçəndə bu aşkar edilmiş olardı. O zaman belə bir xəstəlik aşkar edilməyib. Bundan başqa oxuduğum illər ərzində ildə iki dəfə həkim komissiyasından keçmişəm və məndə heç bir xəstəlik aşkarlanmayıb. Bunu mənim şəxsi işimdə mövcud olan sənədlərdən də görmək olar. Amma Bakıda hərbi hospitalda həkimlərin qoyduğu diqnozla mənim ordu zabiti olaraq həyatım məhv edildi. Bu gün nə əlillik dərəcəsi ala bilirəm, nə də orduya qaytarılıram.
Hörmətli Ali Baş Komandan, Sizdən xahiş edirəm mənə köməklik edəsiniz. Ya yenidən müayinədən keçirilərək, doğrudan da xəstəyəmsə əlilliyim verilsin, ya da dövlətin mənə çəkdiyi əziyyəti əsas götürərək ordu sıralarına qayıdım”.
Son xəbərlər
Son Xəbərlər